"Kəpəz" 2 yeni legioner transfer edəcək. Klubun baş məşqçisi Şahin Diniyev Sportnet.az-a açıqlamasında bu yöndə çalışmaların yekunlaşmaq üzrə olduğunu bildirib.
Onun sözlərinə görə, konkret iki mövqeyə legionerlər gətiriləcək: "Bunlar mərkəz müdafiəçisi və oyun qurucusu mövqeləridir. Gedən futbolçuların yerlərini kimlərləsə doldurmağa çalışırıq. Buna nə qədər müyəssər olacağımız təlim-məşq toplanışının sonunda aydın olacaq. Avropa Liqasında ilk oyunumuza 20 gün qalıb. Bu qısa müddətdə futbolçu axtarışında olmamalıyıq. Komanda həm mövqe, həm də xətlər üzrə komplektləşib. İki yeni legioner gələcək. Onları yoxlamağa vaxt yoxdur. 4-5 oyunlarına baxmışam. Ümid edirəm ki, bizə qoşulduqdan sonra problem olmayacaq və bizə kömək edəcəklər. Baxışa bir neçə futbolu gətirmək imkanımız yoxdur".
Diniyev yeni transferlərə bazar gününədək tam aydınlıq gələcəyini bildirib: "Danışıq apardığımız legionerlər arasında Portuqaliya, Braziliya, Serbiya, İsrail, Rusiya, Ukraynadan futbolçu var. Bunlardan seçim edib yekun qərar verməliyəm. Bunu sabah axşamadək edəcəyəm ki, onlar birigün bizə qoşulacaqlar. Yeni legionerlər başqa-başqa ölkələrdən olacaqlar. Hücumda futbolçuya ehtiyac yoxdur. Tural Qürbətov, Nicat Qurbanov gəlib. Ötən mövsümdən kamerunlu hücumçu Julien Ebah var. Bizə hücumçunun arxasında çıxış edən oyun qurucusu lazımdır"