Lüksemburqun "Düdelanj" klubunun futbolçusu Kevin Nakaçe Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra azərbaycanlı jurnalistlər üçün brifinq keçirib. Rəqibin yarımüdafiəçisi Sportnet.az-ın matçda olan əməkdaşının da suallarını cavablandırıb.
- Oyunun belə keçəcəyini gözləyirdiniz?
- "Qarabağ”ın yaxşı komanda olduğunu əvvəlcədən də bilirdik. Oyuna da sürətli başladılar. Topa nəzarət "Qarabağ"ın tərəfində idi. Əfsuslar olsun ki, oyuna istədiyimiz kimi başlaya bilmədik. İlk hissədə bütün üstünlüyü rəqibə vermişdik. Ancaq fasilədən sonra öz oyunumuzu nümayiş etdirə bildik. "Qarabağ”ı bir qədər müdafiə olunmağa məcbur etdik. Qarşıda növbəti 90 dəqiqə var. İkinci matçda vəziyyəti dəyişmək üçün əlimizdən gələni edəcəyik.
- İlk hissədə dönüş edə bilməməyinizin səbəbi nədir?
- Təbii ki, oyunun belə başlamasını biz də istəməzdik. Ancaq rəqibin sürətli oyununa mane ola bilmədik. Üstəlik, dalbadal səhvlərə yol verdik.
- Oyunun dönüş nöqtəsi hansı epizodu sayırsınız?
- İkinci qol zamanı çox böyük səhvə yol verdik. Həmin epizodda topun meydandan çıxacağını gözləyirdik. Ancaq "Qarabağ"ın futbolçusu sürəti hesabına topu meydanda saxladı və əla ötürmə ilə komandasının 2-ci qolu vurmasına şərait yaratdı.
- Cavab oyunu üçün şansınız varmı?
- İkinci oyun tam fərqli keçəcək. Əlbəttə, səfərdəki məğlubiyyəti evdə qələbə ilə çıxmağa çalışacağıq. Bu işdə azarkeşlər də bizə yardımçı olacaqlar.
- Oyundan əvvəl "Qarabağ” haqda məlumata malik idiniz. Bu matçdan sonra daha nələri öyrəndiniz?
- Komandanızın heyətində səviyyəli futbolçular var. Xüsusilə də Riçard Almeydanı qeyd etmək istərdim. O, yarımmüdafiədə bir lider kimi oynayırdı. Öyrəndiklərimizdən də yararlanıb, cavab matçında vəziyyəti dəyişəcəyik. Futbolda hər bir nəticə qeydə alına bilər.