
Türkiyədə təlim-məşq toplanışını davam etdirən AZAL dünən növbəti yoxlama oyununu keçirib. Sportnet.azın məlumatına görə, "təyyarəçilər" Boluda məskunlaşdığı "Koru Otel”inin meydançasında Gürcüstan I divizionunun liderlərindən olan "Kolxeti 1913” ilə üz-üzə gəlib və matç qolsuz bərabərliklə başa çatıb.
Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda görüşün 89-cu dəqiqəsində Təmkin Xəlilzadə ilə rəqib qapısına yol tapıb. Amma top qapı xəttini yarım metr keçsə də, hakimlərin anlaşmazlığı səbəbindən qol qeydə alınmayıb. Görüşdən sonra xanım yan hakim qolu verdiyini, əsas hakim isə onu başa düşmədiyini bildirib.
Bununla da AZAL Türkiyə toplanışını başa vurub. Bu gün səhər məskunlaşdığı oteli tərk edən AZAL axşam vətənə qayıdacaq.
Qeyd edək ki, AZAL Türkiyədəki yoxlama oyunlarında ikinci dəfə meydandan sülhlə ayrılıb. Şüvəlan təmsilçisi bundan öncə qardaş ölkədəki ilk matçında İran U-21 ilə heç-heçə 2:2 hesablı sülhə razılaşıb. "Təyyarəçilər” bundan savayı, "Mersin İdman Yurdu” və "Antalyaspor”a 2:1 hesabı ilə qalib gəlib və "Balıkesirspor”a məğlub olub - 1:2.