Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin Sportnet.az-a müsahibəsi
- Öncə qələbə münasibəti ilə təbrik edirik...
- Çox sağ olun.
- Oyunla bağlı fikirlərini bölüşərdin...
- Qələbə tək bizim yox bütün Azərbaycan xalqının qələbəsidir. Çətin oldu. Bu cür oyun gözləmirdik. Qrupun ilk oyunu olduğu üçün bir az həyəcan var idi, həm də bu cür rəqiblər daha çox müdafiədən oynayır ki, bu da əlavə çətinlik yaradır.
- Həm də San-Marinoya uduzmaq komanda üzərində əlavə təzyiq yaradacaqdı...
- Elə oyun öncəsi mətbuat konfransında mən də bu məqama toxunmuşdum. Oyunun favoriti biz idik. Rəqibə saymazyana yanaşmırdıq. Sadəcə, özümüzə inam çox olduğu üçün özümüzü favorit sayırdıq. Amma razıyam ki, xeyli qol imkanlarından istifadə edə bilmədik. Bunlardan istifadə etmək lazımdır. Növbəti oyunlar daha gücıü komandalarla olacaq və həmin oyunlarda bu cür epizodlar az olacaq. İstənilən halda qələbə qələbədir. Qələbənin yaxşısı pisi olmur. Bir də rəqib mənə görə peşəkar oynamırdı. Sərt oynamaq olar, amma kobud yox. San Marino çox kobud oynayırdı. Bunun da nəticəsində qırmızı vərəqə aldılar.
- Özün necə yoxlaya bildin ki, hazırsan, ya yox?
- İşim o qədər ağır olmadı. Amma hər zaman hazır olmaq üçün məşq etməlisən. Həmişə demişəm ki, Allah bizi zədələrdən qorusun. Çünki zədə alırsan sonra onu sağaltsan belə, yenidən əvvəlki formanı yığmaq çox çətin olur.