Bu gün "İnter” klubunun prezidenti Rəşad Qasımov komandanın azarkeşləri ilə görüşüb. Sportnet.az-ın məlumatına görə, "İnter Arena” stadionunun mətbuat konfransı zalında baş tutan görüşdə R.Qasımov komandaya göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib.
Klub prezidenti azarkeşlərlə söhbətində komandanın qarşısında dayanan tapşırıqlar barədə qısa məlumat verib, bütün oyunlarda həmişəki kimi komandanı dəstəkləməyə çağırıb.
Azarkeş dəstəyinin yüksək səviyyədə saxlanılmasının vacibliyinə toxunan R.Qasımov əlavə etdi ki, klub azarkeşlərlə münasibətlərinin bundan sonra da inkişaf etdirilməsində maraqlıdır.
Oyunlar zamanı ümumi futbol atmosferini pozacaq hərəkətlərə və şüarlara yol verilməməsinin mühüm məqam olduğunu bildirən klub prezidenti vurğulayıb ki, rəhbərlik belə müsbət davranışın bundan sonra da davam etməsi üçün zəruri dəstəyini əsirgəməyəcək.
Görüşdə azarkeşləri maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb və sonda azarkeşlərə komandanın ötən mövsüm idman köynəkləri, eləcə də azarkeş köynəkləri hədiyyə edilib.










































































