Azərbaycan yığması üçün Farer adaları heç də arzuolunan rəqib olmayıb. Sportnet.az-ın məlumatına görə, 21 yaşlılardan ibarət yığmamız (U-21) bu "cırtdan ölkə”dən olan həmyaşıdları ilə keçirdiyi seçmə mərhələ oyunlarında üstünüyə malik deyillər.
Belə ki, keçirilən 4 oyunda tərəflər hərəyə 1 dəfə qələbə qazanıb, qalan 2 matç heç-heçə nəticələnib. Hətta topların fərqi də bərabərdir – 4-4.
Özü də Bakda keçirilən oyunda qalib müəyyənləşmədiyindən (2:2 və 1:1), farerlilərə evdə qalib gələ bilməmişik. Yeganə qələbəmiz cari seçmə mərhələnin startında olub. Ötən ilin iyunun 15-də keçirilən həmin matçda yığmamız kapitanı Azər Salahlının qoluyla qalib gəlib. Yeri gəlmişən, sol cinah müdafiəçisi Farer adaları ilə budəfəki qarşılaşmada da fərlqənə bilib. Məhz onun sol cinah ötürməsindən sonra "Qarabağ”da da komanda yoldaşı olmuş hücumçu Mahir Mədətov topu tora göndərib.
Azərbaycan və Farer adalarının U-21-ləri arasında ilk oyununda isə rəqib 1:0 hesablı qələbəni bayram edib. Bu, 2009-cu il Avropa çempionatının seçmə mərhələ oyunu idi. Onda baş məşqçimiz Şakir Qəribov olub. Bakıda 2:2 hesabı ilə nəticələn matçda isə bu postda almaniyalı Bernhard Lippert yer alıb.
Qolları milli komandamızın üzvləri Ruslan Abışovla Vüqar Nadirov vurublar.
Belə götürəndə, Farer adaları ilə klub səviyyəsində beynəlxalq duelimiz də heç-heçə olub. Bu, "Qarabağ”ın 2011-ci ildə Avropa Liqasının II təsnifat mərhələsində "Streymur”la qarşılaşması idi. Onda səfərdə 1:1, evdə 0:0 hesablı heç-heçə qeydə alınıb. Sadəcə, bu halda rəqib meydanında vurulan qol önəm daşıdığından, "Qarabağ” hücumçusu Rauf Əliyevin dəqiq zərbəsi ilə cütün qalibi olub.
17 yaşlılardan ibarət yığmamız 2 il öncə Tallində beynəlxalq turnirdə farreli həmkarlarına 0:1 hesabı ilə uduzub. Yalnız 1 dəfə adalılar üzərində inamlı qələbəmiz olub ki, bu da əsas yığmayla uzaq 90-ci illərə təsadüf edir. Onda Kazbek Tayevin baş məşqçisi olduğu millimiz Kiprin Larnaka şəhərində yoldaşlıq görüşündə böyük hesabla qalib gəlib – 3:0. Vyaçeslav Lıçkin 10-cu dəqiqədə hesabı açıb. Yunis Hüseynov 23-cü dəqiqədə penaltidən hesabı 2:0 edib. Qurban Qurbanov 30-cu dəqiqədə böyükhesablı qələbəmizi rəsmiləşdirib. Göründüyü kimi, farerliləri 20 dəqiqəyə 3 qol vurmaqla darmadağın etməyi bacarmışıq.