"Qəbələ"nin futbolçusu Teo Uiks "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VI tur matçı barədə danışıb. Sportnet.az liberiyalı yarımmüdafiəçinin brifinqdə səsləndirdiyi fikirləri təqdim edir...
- Vurduğunuz qollarla yenidən liderliyi ələ aldınız. "Zirə" ilə oyunda da qələbə seriyasını davam etdirdiniz. Bu barədə nə deyə bilərsiniz?
- Əlbəttə, çempion olmaq üçün hər oyunda qalib gəlmək lazımdır. Hazırda bu seriya davam edir. Demək rahatdır, qələbə qazanmaq çətin. Bununla belə, hər oyundan 3 xalla ayrılmağa çalışırıq.
- 6 tur ərzində bir qol da buraxmamısınız. Bunun səbəbini nədə görürsünüz?
- (gülür) Bizə qol vura bilmirlərsə, deməli, müdafiə xəttimiz güclüdür. Kompakt oynayırıq, ona görə də bizə qol vurmaq çətindir.
- Növbəti turda "Qarabağ"a qarşı oynayacaqsınız. İlk dövrənin son turunda "quru seriya" qırıla bilərmi?
- "Qarabağ" yüksək səviyyəli, yaxşı komandadır. Yaxşı müdafiə olunmasaq, qol vura bilərlər. Çünki əvvəlcə Çempionlar Liqası, sonra isə Avropa Liqasında çıxış edirlər. Oyunlarına bələdəm. Diqqətli olmalıyıq.
- Avroliqada Almaniya "Maynts"ı ilə növbəti matçınızı cəza üzündən buraxacaqsınız. Bu görüş barədə nə düşünürsünüz?
- Özümü çox üzgün hiss edirəm. Çünki komandam oynayacaq, mən isə tribunadan baxacağam. Mən də meydana çıxmaq istəyirəm. Belçika "Anderlext"i ilə səfər matçına evdən televiziya vasitəsilə baxırdım. Ürəyim komanda ilə birgə idi. Qalib gəlsək də, məğlub olsaq da komandamın yanında olmaq istəyirəm.