AFFA prezidenti Rövnəq Abdullayev Avropa kuboklarının final matçlarının Bakıda keçirilmə variantına münasibət bildirib. Sportnet.az-ın məlumatına görə, R.Abdullayev jurnalistlərə açıqlamasında AVRO-2020-dək bir neçə böyük futbol yarışını Azərbaycan paytaxtında keçirməyə çalışacaqlarını deyib.
- "GROW 2020" layihəsi necə gedir?
- Dünən təqdimatı oldu. Bu, proqramdır və yol xəritəsidir. Böyük işlər görülüb. Bir məsələ var ki, proqramı həyata keçirmək daha çətindir. Ancaq çalışacağıq ki, bunu həyata keçirək.
- UEFA prezidenti qeyd etdi ki, Çempionlar Liqası və Avropa Liqasının finalının Bakıda keçirilməsi üçün sifriş verilməlidir...
- AVRO-2020-yə sifariş hazırlamışdıq və bu, çox peşəkar hazırlanmışdı. UEFA rəsmiləri də cənab Prezidentlə görüşdə bunu bildirdi. Bizim sifariş Londondan sonra ikinci idi. London 48, Bakı 47 xal yığmışdı. Bu, 13 şəhər arasında olan göstərici idi. Çalışacağıq ki, 2020-ci ilə qədər müəyyən tədbirlər keçirək. Ancaq hər şeyi bir dövlətə vermirlər. Bu il 17 yaşadək futbolçuların Avropa çempionatını, ondan öncə U-17 qızların dünya çempionatını keçirdik. 5-6 ildə bir sıra tədbirlər keçirdik və üstəlik AVRO-2020 də var. Şikayət etmək də düzgün olmaz. Çalışacağıq ki, bu arada da müəyyən qədər tədbirlər bizdə keçirilsin. Ancaq adını çəkə bilməyəcəm. Çox olmasın deyə elə bir təklif verməyə çalışacağıq ki, UEFA bunu qəbul etsin.
- AVRO-2020-nin yüksək təşkilatçılığı üçün AFFA qarşısına hansı hədəflər qoyulub?
- Bununla bağlı cənab Prezidentin sərəncamı oldu. Dövlət komissiyası yaradıldı. Komissiyanın sədri baş nazirin birinci müavini oldu. Azərbaycan bu tədbirlərə, yarışlara yüksək qiymət verir. Təşkilati məsələlər dövlət səviyyəsində həyata keçiriləcək. Azərbaycanın böyük yarışların keçirilməsində təcrübəsi böyükdür. "Eurovision", "Bakı-2015" I Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası kimi yarışlar keçirmişik. Bu tədbiri də yüksək səviyyədə keçirəcəyik.