1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqov: "Mənə sosial şəbəkə haqda sual vermək düzgün deyil" - MÜSAHİBƏ
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının VII turunda "Qəbələ"yə səfərdə 0:2 hesabı ilə uduzduqları matçdan sonra müsahibə verib. Matçı zədə üzündən kənardan izləyən təcrübəli müdafiəçi Sportnet.az-ın qarşılaşmada olan əməkdaşının da suallarını cavablandırıb.
- Komandanın məğlubiyyətini kənardan izləmək sənə necə təsir göstərir?
- Təbii ki, bu, hər zaman çətin olan bir şeydir. Amma bu, idmandır, futboldur. Qələbələr olan kimi məğlubiyyətlər də olur. Necə ki qələbəyə sevinirsən, eləcə də məğlubiyyəti həzm etməyi bacarmalısan.
- Sənin yoxluğun bu məğlubiyyətdə böyük rol oynadı?
- Yox. Komanda yoldaşlarım müdafiənin mərkəzində yoxluğu hiss etdirmədi. Oyunun əvvəlini pis başladıq. Rəqib də uğurlu hücumlarla 2 qol vurdu. Bundan sonra futbolçularımız nəticəni dəyişməyə çox çalışdılar.
- Nə çatmadı?
- Əsas çatmayan son zərbədir. Ümumiyyətlə, cari mövsümdə ən böyük çətinliyimiz budur. Bir çox oyunlarda hətta top qapıya sanki girmək istəmir.
- "Qəbələ" hücumda daha istəkli görünürdü...
- Ola bilər. "Qəbələ"nin oyun üslubu belədir ki, aqressiv oynayır. Bizdə isə tam fərqlidir. Topla rahat, sərbəst oynamağı xoşlayırıq. Deməzdim ki, "Qəbələ" bizdən üstün futbol oynadı, bizdən istəkli idi. Komandamız ikinci hissədə əla futbol oynadı. Sadəcə, qol epizodlarımızdan birində top qapıdan keçsəydi, tam başqa nəticə olacaqdı.
- "Fiorentina"ya 1:5 hesablı məğlubiyyətin bu oyuna təsiri oldumu?
- "Olmadı" desəm, yalan olar. Əlbəttə, təsiri olacaqdı. Özü də 1:5-dən 1:5-ə fərq var. Böyük hesabla az uduzmamışıq. Ancaq üzücü məqam odur ki, ilk 30 dəqiqədə nəinki 1:5, ümumiyyətlə, uduzmaq belə heç kimin ağlından keçmirdi. İtaliyaya inamlı getmişdik və qələbə qazanmaq, futbol oynamaq istəyirdik. Biz ora dağıdıcı futbol oynamağa getməmişdik. İlk 30 dəqiqə onu göstərdi ki, Florensiyadan hətta qələbə ilə ayrıla bilərik. Ancaq təəssüflər olsun ki, bir anda hər şey çöndü. Sonda belə üzücü məğlubiyyət aldıq. 10 nəfərlə meydançada qalan həmin fubolçular çox yoruldular. Həm də komandaya psixoloji cəhətdən böyük zərbə oldu. Ümumiyyətlə, son həftə bizim üçün çox ağır keçdi. Mən bunu bilirdim. Ardıcıl 3 səfərimiz vardı - Gəncə, Florensiya, Qəbələ. Fikirləşirəm ki, komandanın dərindən nəfəs almağa ehtiyacı var.
- Zədən nə dərəcədə ciddidir və millidən kənarda qala bilərsənmi?
- İtaliyadakı matçın ilk hissəsinin son dəqiqələrində cərimə zərbəsi zamanı zədələndim. Sadəcə, vəziyyət elə idi ki, əvəzlənə bilmirdim. Çünki başqa mərkəz müdafiəçisi yox idi. Həm də məcburi bir dəyişikliyimiz olmuşdu. Ona görə də sonadək belə tamamladım. Matçdan sonra müayinədən keçərkən həkimlər problem olduğunu bildirdilər. Bu oyunu da buraxmalı oldum. Üç gündür həkimlər millinin oyunlarına çatmağım üçün çalışırlar. Ümid edirəm ki, çatdıra biləcəklər.
- Son vaxtlar belə hal müşahidə olunur ki, "Qarabağ" qol buraxanda sanki ümidini itirir. Ancaq əvvələr belə deyildi...
- Gəncədə hesabda geri düşəndən sonra dirəkdən qayıdan 5 zərbəmiz oldu. İki-üç yüz faizlik qol epizodumuzdan yararlana bilmədik. İtaliyada hesabda geridə düşəndən sonra 10 nəfərlə oyunu dəyişmək çox çətindir. Burada da hesabda 0:2 geridə olandan sonra futbolçular çox inamlı oynadılar. Bir neçə yaxşı qol imkanımız oldu. 60-cı dəqiqələrdə bunların heç olmasa birindən istifadə edə bilsəydik, tam başqa nəticə ola bilərdi.
- Sosial şəbəkələrdə belə fikirlər səslənir ki, Rəşad Sadıqov məşqçiliyə başlayandan sonra futbol onun üçün arxa plana keçib. Bu fikirlə razısan?
- Ümumiyyətlə, sosial şəbəkədə yazılan bir şey haqda mənə sual vermək düzgün deyil. Bu, mənə maraqlı deyil. Vallah belədir. Siz deyin, elə bir fikriniz varsa, cavab verim. Ancaq sosial şəbəkədən yox. Mən heç bilmirəm sualı kim verib. Ancaq bunu vermək düzgün deyil.
- Bəlkə komandanızda əlavə hücumçuya ehtiyac var?
- Yetərincə hücumçumuz var. Özünüz də görürsünüz ki, 3 hücumçuya malikik. Yaxşı olar. Həmin futbolçulardır. Burada ustalıqdan yox, daha çox bəxtdən söhbət gedir. Elə olur ki, birdən səndə hər şey alınır. Bir də görürsən ki, heç nə alınmır. Fikirləşirəm ki, bizdə həmin dövrdür.