"Bu, çempionatın indiyəqədərki ən vacib və əhəmiyyətli oyunu idi. İlk hissədə istəmədiyimiz halda, qapımızda təhlükəli vəziyyətlər yarandı. Rəqib komanda bu vəziyyətlərdən istifadə edərək, qollar vurdu. Daha sonra biz toparlanaraq, topu özümüzdə saxlamağa başladıq. Fasiləyədək iki dəfə təhlükəli vəziyyət yaratsaq da, top rəqib qapısından keçmədi. İkinci hissədə yenə topa nəzarəti özümüzdə saxladıq. Amma təəssüf ki, istədiyimiz qolu vura bilmədik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Reynaldo "Qəbələ"yə səfərdə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII tur matçından sonra deyib.
Braziliyalı hücumçu digər sualları da cavablandırıb...
- Sanki zədədən sonra oyununda geriləmə var...
- Elə bir zədəli dövr yaşamışam ki, bunu heç xatırlamaq istəmirəm. Amma əlimdən gələni edirəm ki, "Qarabağ"a yardımçı ola bilim.
- Meydana ikinci hissədə daxil olmağın nə ilə bağlı idi?
- Bu, baş məşqçimizin qərarı idi. Həmişə olduğu kimi, yenə məşqlərimi etmişəm. Necə var idimsə, elə idim. Sadəcə, Qurban Qurbanov belə qərar verdi.
- Bu məğlubiyyətdən sonra liderdən 6 xal geri düşdünüz. Artıq "Qəbələ" çempion ola bilər?
- "Qəbələ" layiqli qələbə qazandı. Qalibiyyətlərinə hörmətsizlik etmək istəmirəm. Lakin aradakı 6 xallıq fərq o demək deyil ki, artıq çempiondurlar. Çünki önümüzdə 21 tur var və çempionat hələ yekunlaşmayıb. İndidən gələcəkdə nələrin baş verəcəyini bilmək olmaz.
- Rəşad Sadıqovun yoxluğunda "Qarabağ"ın müdafiə xəttini necə dəyərləndirərdiniz?
- Komandamızdakı futbolçuların hamısı eyni şəkildə çalışırlar ki, ilk "11-liy"ə düşə bilsinlər. Start heyətindəkilərin birini digərindən fərqləndirmək düzgün olmazdı. Adətən, ilk "11-lik"dəkilər meydana start heyətində çıxmağa alışırlar. Hansısa futbolçunu dəyişəndə deməzdim ki, axsama olur. Sadəcə, mümkündür ki, fərqli oyun baş versin.
- "Qarabağ" karyeranızın 5 ilinin tamamında AFFA-dan dəvət gəlsə, Azərbaycan millisində oynaya bilərsiniz?
- Azərbaycanda hamı mənə qarşı olduqca yaxşı davranır. Bu ölkədə yaşamağı xoşlayıram. Amma mənim üçün ilkin hədəf daha çox məşqlə əvvəlki formamı bərpa etməkdən, daha sonra oyunlarda özümü yaxşı tərəfdən göstərməkdən ibarətdir. Bunlardan sonra belə bir şans yaranarsa, təklifdən məmnun olaram. Nəyə görə də Azərbaycan xalqını sevindirəcək oyun göstərməyim?