Azərbaycan Premyer Liqasının 8-ci turunda "Zirə"yə səfərdə 0:2 hesabı ilə məğlub odluqları oyundan sonra "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, öncə matç haqda danışan mütəxəssis meydan sahiblərinin layiqli qələbə qazandığını bildirib.
-
"Zirə"ni təbrik edirəm. Layiqli qələbə qazandılar. Bizdən üstün futbol sərgilədilər. Müdafiədə kobud səhvlərə yol verdik. Fasilədən dərhal sonra qırmızı vərəqə almağımız oyun sistemimizi tam pozdu.
- Yaranmış vəziyyətdə çıxış yolunu nədə görürsünüz?
- Özünüz də görürsünüz ki, müdafiə xətti hər oyunda 1-2 hədiyyə edir. Rail gəncdir, ancaq necə ola bilər ki, mərkəz müdafiəçisi rəqibi aldatmağa cəhd etsin və sonra qayda pozsun?!
- Müdafiə xəttinin bərbad oynadığını qeyd etdiniz. Amma rəqib qapısına 90 dəqiqə ərzində bir zərbə belə endirmədiniz. Bu heyəti başdan-ayağa dəyişməyə zərurət yoxdurmu?
- Əlimizdə olan budur. Kimisə komandadan kənarlaşdıranda, yerinə kimisə götürməlisən. İndisə bu, qadağandır. Heç kimi qovmaq fikrim yoxdur. Razıyam ki, bizdə "Neftçi"nin ancaq forması qalıb, başqa heç nəyimiz yoxdur.
- Qarşıda daha çətin 3 oyun var: "Qarabağ", "Qəbələ" və "İnter". Bu görüşlərdə nəyə ümid edirsiniz?
- Əlbəttə, bu komandaların hər biri "Neftçi"dən xeyli güclüdür. Nəinki "Neftçi"dən, hətta "Zirə"dən də. Ancaq işimizi davam etdirməliyik, daha əzmlə məşq etməliyik.