
Azərbaycan Premyer Liqasında ikinci dövrənin startı liderin büdrəməsi ilə yadda qalıb. Sportnet.az-ın məlumatına görə, "Qəbələ” ilk dövrədə olduğu kimi "İnter” səddini uğurla keçə bilməyib.
Qələbə seriyası ilə yanaşı, "quru seriya”sı qırılan Roman Qriqorçukun komandası cari çempionatda ilk dəfə hesabda geri düşüb. "Qırmızı-qaralar”ı məğlubiyyətdən sonradan meydana çıxan estoniyalı hücumçu Sergey Zenyov xilas edib. Evdı ardıcıl 2-ci oyunda 1:1 hesablı heç-heçə edərək qələbəni əldən verən Zaur Svanadzenin yetimələri ən sülhsevər komanda olan "Kəpəz”ə şərik olub. Belə ki, indi məhz 2 komanda ən çox heç-heçə edəndir – hərəyə 4. Maraqlıdır ki, onların öz aralarında oyununda da məhz "İnter Arena”da bərabərlik (2:2) qeydə alınıb və qarşıdakı turda Gəncədə duelləri olacaq.
Əslində, "Kəpəz” bu turda az qala yenə heç-heçə edərək bu göstəricidə vahid liderliyini qoruyacaqdır. Ancaq komandanın kamerunlu bombardiri Julien Ebah AZAL-la səfər matçının son dəqiqələrində qələbə topunu vurmağa müvəffəq olub. Bununla da gəncəlilər nəhayət, rəqibi onun meydanında yenə bilib. Necə deyərlər, sağ əli "Neftçi”nn başına. Çünki "Neftçi” bu turdakı rəqibini – "Zirə”ni nəinki səfərdə, ümumiyyətlə, yenə bilməyib. Bundan əvvəlki turda "Kəpəz” üzərində inamlı qələbə qazanan Elxan Abdullayevin komandasının uğursuzluğu arxada qoyduğunu düşünmək olardı. Ancaq çempionatdakı 2 həftəlik fasilə onun ziyanına işləyib. Hər halda, bunu gözləmək olardı. Çünki Abdullayev məşqçisi olduğu milinin düşərgəsinə yollandığına görə başsız qalan "Neftçi” yalnız oyuna az qalmış çalışdırıcısını sərəncamında görüb və bu da fayda verməyib.
Yekun nəticə belədir ki, "ağ-qaralar” hələ də autsayderlər sərasında qərarlaşıb və son pillənin sahibi olan AZAL qədər uduzub - 6 dəfə. "Neftçi”nin heç-heçə etməyən yeganə komanda olması da diqqət çəkir. Elxan Abdullayevin yetirmələrini bundan sonrakı turda 3 turda ilk 3 pillədə qərarlaşanlarla ardıcıl sınaq gözlədiyindən işi çox çətin olacaq.
Liderlərin görüşündə xal itirməsi "Qarabağ” üçün göydəndüşmə olub. Belə ki, ağdamlılar "Sumqayıt” üzərində inamlı qələbə qazanaraq həm "İnter”ə çatıb, həm də lider "Qəbələ” ilə xal fərqini 4-ə endirib. Qurban Qurbanovun komandası Avropa Liqasında "Fiorentina” ilə oyunu da nəzərə alsaq, 3 oyundur qələbə üzünə həsrət qalmışdı və nəhayət, tilsimi qıra bilib. Bununla da çempionluq mübarizəsində xal fərqinin böyüməsinə imkan verməyən "Qarabağ”la "İnter” intriqanı saxlayıblar.
Ağdam təmsilçisinin bu mövsüm ilk dəfə öz stadionunda - "Azərsun Arena”da oynaması da yaddaqalan hadisə olub. Stadionlardan söz düşmüşkən, turun digər 3 matçı süni örtüklü meydançalarda keçirilib və onun 2-də pis fəsadlar olub. "İnter Arena” "Qəbələ”nin Avropa Liqasında "Sent-Etyen”lə məsul səfər oyuniu öncəsi 2 aparıcı futbolçusunu – kapitanı Rəşad Sadiqovla fransalı bombardiri Baqali Dabonu sıradan çxardı. Şüvəlandakı "AZAL Arena” isə yenə Dario Federiko üçün problem yaradıb. Ötən mövsüüm zədə üzündən boşa verməli olan braziliyalı yarımümdafiəçi bu dəfə əzələ datrması üzündən ən az 2 həftəlik sıradan çıxıb.
Mehman SÜLEYMANOV