
Azəbaycan Premyer Liqasının X turunda "Qəbələ" - "Neftçi" matçında 2 qayıdış reallaşıb. Sportnet.az-ın məlumatına görə, böyük futbola qayıdışı ötən tur "Sumqayıt"la səfər matçında olan Cavid Hüseynov bu dəfə Qəbələ publikası qarşısına dönüşünü gerçəkləşdirib. O, əvəzlədiyi Rəşad Sadiqovdan kapitan sarğısını alıb və qoluna taxıb. Hüseynov Qəbələdə sonuncu dəfə ötən ilin iyulun 9-da Avropa Liqasında Tiflis "Dinamo"suna 2:0 hesabı ilə qalib gəldikləri cavab oyununda meydana çıxmışdı.
"Neftçi"də isə ikinci hissədə Mahir Şükürov meydana daxil olub. "Qəbələ"nin sabiq kapitanı olan 34 yaşlı müdafiəçi həm "ağ-qaralar"a, həm də Premyer Liqamıza 2 il yarımdan sonra dönüb. O, sonuncu dəfə Azərbaycan çempionatında 2014-cü ilin mayın 17-də "Simurq"la səfərdə qolsuz bərabərliklə nəticələnən matçda oynayıb. Şükürov arxada qalan 30 ayda əvvəlcə Türkiyənin birinci liqasında "Karşıyaka" klubunda oynayıb, sonradan isə oradan özü gedərək 1 il futbol oynamayıb.