Azərbaycan Premyer
Liqasının 10-cu turu çərçivəsində keçirilən "Qəbələ" -
"Neftçi" matçından sonra qonaqların baş məşqçisi Elxan Abdullayev
mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis
jurmalistlərin suallarını cavablandırıb.
- Komandanı bu halda qəbul etdiyinizə görə peşmançılıq keçirmirsiniz?
- Əlbəttə, peşmançılıq var. Ancaq başa düşən düşür ki, Elxan Abdullayevlik bir şey yoxdur. Çünki səviyyə fərqi yerlə göy arasındadır.
- 3 mərkəz müdafiəçisindən istifadə etdiniz. Yenə də bu taktika özünü doğrultmadı. Yenidən bu sistemdən istifadə edə biləcəksinizmi?
- Sistemin günahı yoxdur. Çünki bu, fərdi ustalığın aşağı olmasından irəli gəlir.
- "Qarabağ"la oyunda daha az qol şansı vermişdiniz. "Qəbələ" daha güclüdür?
- Belə deməzdim. "Qarabağ" daha çox mərkəzdən hücum etməyi sevir. "Qəbələ" isə oyununu cinahlarla qurur. Bu cür oyuna qarşı oynamaq bizə daha çətin idi.
- Katalin Tira vurduğu azarkeşlə barışıb. Bu, onun klubdakı taleyinə müsbət təsir göstərə bilərmi?
- O, azarkeşdən yox, bütün Azərbaycan xalqından üzr istəməlidir. Bütün hallarda, sözümün üstündə dayanıram - nə qədər ki, mən burdayam, Tira "Neftçi"də oynamayacaq.
- Elvin Bədəlov yenə ənənəsinə sadiq qaldı. 1 və 3-cü qollar onun hədiyyəsindən vuruldu. Bədəlov neçə səhvə yol verməlidi ki, ehtiyat oyunçular skamyasının əbədi sakininə çevrilsin?
- Rahil Məmmədov da çoxsaylı səhvlərlə yadda qalıb. Bu gün bütün müdafiəçilərimiz səhvlərlə yadda qaldı. Hamısı zəifdir.
Mənbə: qafqazinfo.az