"Erkən qol vurduq, tez də müdafiəyə oturduq. Nəticədə rəqibin təzyiqinə tam gətirmədik və 3 qol buraxdıq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının X turunda bu gün "İnter"ə 1:3 hesabı ilə uduzduqları səfər oyunundan sonra keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bugünkü matç bəzi futbolçuların taleyinə aydınlıq gətirəcək: "Yusif Nəbiyevdən razı qalmadım. Bilmirəm niyə belə oynadı. Keçən matçda yaxşı təsir bağışlamışdı. Nə bacarırıqsa, maksimum onu edəcəyik. İlk qolda qapıçımız Fərhad Vəliyevin sanki səhvi vardı. Ancaq videotəkrara baxıb dəqiqləşdirəcəyik".
Abasovun fikrincə, komandada icarə əsasında oynayanlar daha yaxşı təsir bağışlayırlar: "Onlar "Sumqayıt"da ümidləri doğrultmağa çalışırlar. Sadəcə, bir az təcrübə lazımdır. Məsələn, Yusifə. Xəyal Nəcəfov Türkiyədən qayıtdıqdan sonra özünü başqa cür aparmağa başladı. Ancaq "Qəbələ" ilə matçda ən yaxşılardan idi. Bəzi məşqçilər heyətdən şikayətlənir. Məsələn, keçən dəfə "Neftçi”nin oyununa baxıram. Şərhçi deyir ki, "bu heyətlə heç nə etmək olmaz”. Ancaq bir baxın görün, bizdə vəziyyət necədir...Komadamızda heç legioner yoxdur. Ancaq bu futbolçularla oynamağa məcburuq. Bir az çətindir, bizi də başa düşün. Klubun strategiyasını dəyişməsi mükünsüz bir şeydir".
Baş məşqçi komandasının fiziki vəziyyətini əla sayır: "Bir gündə iki 90 dəqiqə oynamağa gücümüz çatar. Bu baxımdan Vəziyyətimiz yaxşıdır. Qarşıda "Kəpəz”lə oyun var. Gəncəyə uduzmağa getmirik. Görək başımıza nə gəlir".