1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hər mənada döyüş...
Seymur KƏRİMLİ
Azərbaycan Premyer Liqasının cari mövsümündə ən mühüm qarşılaşmalardan biri oynanıldı. Azarkeşlər şərikli liderlərin - "Qarabağ"la "Qəbələ"nin "Azərsun Arena"dakı görüşündə onların adına layiq baxımlı matçın şahidi oldular. Bu, mərkəzi oyuna xas derbi idi. Burada çox şey vardı - qollar, penalti, son saniyədə qələbə topu və futbolda tez-tez müşahidə olunan insidentlər...
Ölkə çempionatı 1 aylıq "qış yuxusu”na getmədən öncə gərginliklə yadda qaldı. Bu qarşılaşma təkcə zirvə savaşı yox, hər mənada döyüş idi. Oyunu idarə edən FİFA referisi Rəhim Həsənovun xətaları və "Qarabağ” cəbhəsindəki bəzi futbolçuların "şıltaqlığı” oyuna damğasını vurdu.Qarşılaşmadakı ən çox mübahisə doğuran məqam penalti epizodu idi. Dinonun zərbəsi zamanı Vernidubun öncə başına, sonra əlinə dəyən top penaltiyə səbəb oldu. "Top əli tapdı, yoxsa əl topu?" tipli mübahisələrdən uzağam. Bunu tribunadan görüb fikir bildirməyim çətin olardı, nəinki tam aydın olmayan telegörüntülərdən...
O ki qaldı sonluqda baş verənlərə, Həsənov matça 4 dəqiqə əlavə etsə də, final fiti özünü ən azı 7 dəqiqə gözlətdi. Buna səbəb "Qarabağ"ın braziliyalı futbolçusu Riçard Almeydanın qırmızı vərəqə aldıqdan sonra soyunub-geyinmə otağına yollanmaq əvəzinə meydanın kənarında gəzişməsi idi.
Qarşıdakı alovun qığılcımları artıq yavaş-yavaş nəzərə çarpırdı. Son saniyələrdə əks-hücumdan hesabda önə keçən "Qarabağ” baxımlı alınan qələbə topunu inanılmaz sevinclə qeyd etdi. Stadiondan çıxmalı olan Almeyda komanda yoldaşlarının sevincinə şərik çıxdı. Bundan sonra "Qəbələ”nin futbolçuları onun meydana girməsinə etiraz etdilər.
Hər şey bununla bitmədi. Ağdamlıların ehtiyat qapıçısı Şahrudin Məhəmmədəliyevin qeyri-etik şəkildə əl-qol hərəkətləri ilə qola sevinməsi stəkandakı suyu daşıran son damla oldu. Mülki geyimli polislərə qədər hər kəs meydana axışdı. Kütləvi davaya çevrilən mübahisə polislər tərəfindən yatırıldı.
Dəhlizə enərkən hakimə qarşı edilən etirazlar uzaqdan da olsa, eşidilirdi. Peçəkar Futbol Liqasının prezidenti Ramin Musayevə şikayətlənən "Qəbələ"nin vitse-kapitanı Cavid Hüseynov istədiyi nəticəni ala bilmədi. Musayev bu dialoqun ardınca hakimlərin otağına daxil oldu.
"Qəbələ”nin digər təcrübəli yarımmüdafiəçiləri Rəşad Sadiqovla Asif Məmmədovun qəzəbləri hələ soyumamışdı. Bunu bilmək üçün müsahibə zamanı onların gözlərinin içinə baxmaq kifayət edirdi.
Son zamanların ən gərgin matçı istənilən halda, gözəl oyun üçün stadiona gələn azsaylı azarkeşləri sevindirdi. Sonda baş verən hadisələr isə futbol adına xoşagəlməz hal kimi qiymətləndirilir. Ancaq milyonların sevimli idman növündə bunsuz da olmur. İstəsək də, istəməsək də...