Dünyanın futbol meydanlarında həftəsonunadək keçiriləcək bütün oyunlar bir dəqiqəlik sükutla başlana bilər.
Sportnet.az-ın məlumatına görə, bu qərarın Braziliyanın "Şapekoense" klubu üzvlərini Kolumbiya "Atletiko Nasyonal"ı ilə Cənubi Amerika Kubokunun final matçına aparan təyyarənin qəzaya düşməsi ilə əlaqədar veriləcəyi gözlənilir.
Dünyasını dəyişənlərinin xatirəsinin anılması üçün FİFA-nın tezliklə bütün milli assosiasiyalara bildiriş göndərəcəyi deyilir. Hazırda bir çox aparıcı klublar və futbol ölkələrində hadisə ilə əlaqədar başsağlığı verilir, qarşıdakı oyunların bir dəqiqəlik sükutla başlanacağı vurğulanır. Londonun məşhur "Uembli" stadionu isə faciə ilə üzləşən klubu "ağ-yaşıl" rənglərinə bürünüb. Bu aksiyaların tezliklə bütün dünyada anım tədbiri kimi rəsmiləşəcəyi ehtimalı böyükdür.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə Sportnet.az-a açıqlamasında hələlik belə bir bildiriş almadıqlarını söyləyib. O, oyunların 1 dəqiqəlik sükutla başlamasına dair qərar veriləcəyi halda, ictimaiyyətin məlumatlandırılacağını əlavə edib.
Qeyd edək ki, qəzaya uğrayan təyyarənin 81 sərnişinindən 5-i sağ qalıb. Dünyasını dəyişənlərdən ikisi - müdafiəçilər Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, "İnter" və "Xəzər Lənkəran"da çıxış ediblər.