Azərbaycan Premyer Liqasında qış fasiləsində ən səs-küylü transferə hələ ki "Qəbələ" imza atdı. Ən istedadlı futbolçularımızdan sayılan Araz Abdullayev "Neftçi" ilə yollarını ayıraraq karyerasını əyalətdə davam etdirməyi üstün tutdu.
Bu, 25 yaşlı futbolçunun yetirməsi olduğu "ağ-qaralar"dan 3-cü ayrılığı oldu. İlk gediş 2001/02 mövsümündə İngiltərəyə, "Everton"a olub. Ancaq Araza belə bir tanınan klubun əsas komandasına debüt etmək belə qismət olmayıb. Liverpul təmsilçisindən tezliklə "Neftçi"yə qayıdan futbolçu 2011/12 mövsümünün qış fasiləsində "Panionis" klubuna 6 aylığa icarəyə verilib və Yunanıstan Super Liqasında 8 oyun keçirib.
2012-ci ilin yayında "Neftçi"yə qayıdan Abdullayev həmin vaxtdan ağ-qaralar"da çıxış edirdi. Bu dəfə yarımmüdafiəçi "Qəbələ"yə birdəfəlik transfer olunub və 2 illik müqavilə imzalanıb.
Bu keçid bütün tərəflər üçün sərfəli oldu. Əvvəla, "Neftçi"nin Arazla müqaviləsi olduğundan transferə görə müəyyən məbləğib ödənilməsi zəruri idi ki, bu da paytaxt klubu maddi planda qabağa düşməsi demək idi. "Qəbələ" Avroliqada qazandığın pulun bir hissəsini bu tranferə xərclədi.
"Qırmızı-qaralar"a bu keçid bir sıra planda yerinə düşdü. İlk növbədə yerli oyunçu kontingenti genişləndi ki, bu da legioner limitinin olduğu bir vaxtda çox vacibdir. Özü də Arazın çıxışı qənaətbəxş olarsa, əsas heyətdə yerinə daim təminat var. Abdullayevin cinah yarımmüdafiəçisi olduğu məlumdur. Özü də o, daha çox sağda oynasa da, solaxay futbolçu kimi solda da çıxış edə bilir. Yəni hər iki cinahda oynamaq bacarığı yeni baş məşqçisi Roman Qriqorçuka oyunun gedişində yerdəyişmələr etməyə imkan verir. "Qəbələ"də isə cinah yarımmüdafiəçisi çox sağdır. Xüsusilə də sağa. "Qırmızı-qaralar"da bu mövqedə daim çıxış edən futbolçu demək olar yoxdur. Komanda Avropa Liqasının qrup mərhələsinə düşəndən sonra heyətə cəlb olunan xorvatiyalı sağ cinah yarımmüdafiəçisi Petar Franyiç ümidləri doğrultmadığından göndərilməyə qərar verilib.
Bu keçdi Arazın özü üçün də qazanc olmalıdır. Təkcə maddi planda yox. "Neftçi"də daha əvəvlkitək çıxış etməyən, hətta azarkeşlərin narazılığı ilə üzləşən futbolçuya ab-havanı dəyişmək lazım idi. Abdullayevə Roman Qriqorçuk kimi güclü mütəxəssisin rəhbərliyi altında oynamaq şansı ələ düşüb ki, artırmaq baxımdan bundan maksimum yararlanmalıdır. Araz bu dəfə də "Neftçi"dən kənarda uğursuz karyeraya malik olarsa, irəliləyişi çətin məsələdir. Ona görə də orta sahə oyunçusu son şansı yaxşı dəyərlənməlidir.
Abdullayev yeni klubunda ona yaxşı tanış olan, uzun illər "Neftçi"də (eləcə də millidə) komanda yoldaşı olan Ruslan Qurbanovla yenidən birgə çıxış edəcək. Təbii ki, gənc futbolçular bir-birlərini meydanda çox yaxşı anlayırlar. Buna görə də "Qəbələ" onların tandemindən də faydalana bilər. Hər halda, "qırmızı-qaralar" avqustda "Neftçi"dən aldıqları Ruslanqıdsa müddətdə çox faydalandı. Qurbanov çempionatda, ölkə kubokunda, Avropa Liqasında uğurlu çıxışı, vurduğu qollarla "Qəbələ"yə böyük xeyir verir. Necə deyərlə, indi növbə Arazındır...
Mehman SÜLEYMANOV