"Təbii ki, hara gəldiyimi bilirdim. "Neftçi"də 3 il çıxış etmiş Nikolas Kanaleslə dostam. Bilirəm ki, böyük klubdur. Ona görə də çox düşünmədən təklifi qəbul etdim". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin yeni transferi İqnasio Hereyra "Neftçi TV"yə açıqlamasında bildirib.
30 yaşlı hücumameylli yarımmüdafiəçinin sözlərinə görə, bir neçə gündür Antalyada sıx qrafikdə çalışırlar: "Bir az yorğunam, çünkü gündə 2 dəfə məşq edirik. Amma atmosfer çox mükəmməldir. Çox çalışııq və inanırıq ki, bunun bəhrəsini görəcəyik. Çempionatda bütün rəqiblərlə layiqli mübarizə aparacağıq. Yaxşı komanda yığılıb, yeni oyunçular var. Mən də kömək etmək üçün gəlmişəm. Komandamın yüksəklərdə olması üçün əlimdən gələni edəcəyəm. "Neftçi"nin böyük tarixə malik olan klub olduğundan xəbərdaram. Bilirəm ki, Avroliqanın qrup mərhələsində oynayıb".
Herreranın fikrincə, bunadək çıxış etdiyi Qazaxıstandan Azərbaycana keçmək irəli addımdır: "Riyazi cəhətdən hesablasaq, finaladək irəliləyib kuboku qazanmaq şansımız daha çoxdur. Əlimizdən gələni edəcətik ki, həm çempionatda turnir cədvəlində yuxarı pillələrinə yüksələk, həm də kuboku qazanaq. Azarkeşlərə demək istəyirəm ki, bizə dəstəklərini əsirgəməsinlər. Onlara söz verirəm ki, "Neftçi"ni layiq olduğu yerə yüksəltmək üçün əlimizdən gələni edəcəyik".
Xatırladaq ki, "Neftçi"yə Qazaxıstanın "İrtış" klubundan keçən Herrera ilyarımlıq müqavilə imzalayıb.