"Qarabağ" klubu Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Albaniyanın "Skenderbeu" klubu ilə qarşılaşıb.
Qarşılaşmaya Ağdam komandası Şahruddin Məhəmmədəliyev, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Rahid Əmirquliyev, Dani Kintana, Miçel, Ağabala Ramazanov və Dino Ndlovudan ibarət "11-lik"lə başlayıb. "Qarabağ" 20-ci dəqiqədə qola yaxın olsa da, Dani Kintananın təhlükəli ötürməsini rəqib qapıçı son anda zərərsizləşdirib. 43-cü dəqiqədə isə yeni transfer Ağabala Ramazanov hesabı açıb.
İkinci hissəyə "Qarabağ" tam fərqli heyətlə (Boyan Şaranov, Elvin Yunuszadə, Elgün Uluxanov, Arif Daşdəmirov, İlqar Qurbanov, Eltun Turabov, Riçard Almeyda, Muarem Muarem, Vüqar Nadirov, Əfran İsmayılov, Mahir Mədətov) çıxıb. 71-ci dəqiqədə Elgün Uluxanovu baxışda olan Rinat Hüseynov, Eltun Turabovu isə Elçin Rəhimli əvəzləyib. İkinci hissədə də Ağdam komandası bir neçə qol epizodları yaratsa da, bunlardan istifadə edə bilməyib. Qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yoldaşlıq görüşü
18:30. "Qarabağ" - "Skenderbeu" (Albaniya) - 1:0
Qol: Ağabala Ramazanov, 43