"Belə oyunda qalib gəlməmək çətin idi. Xeyli sayda, bir yox, bir neçə qol vurmamaq mümkün necə ola bilər? Bu da hücumların sonluğunda ustalığın lazımi səviyyədə olmaması ilə bağlıdır".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra "CBC Sport"a açıqlamasında deyib.
Ukraynalı mütəxəssis komandanın hücumçularının qol vura bilməmələrinin səbəbini anlaya bilmədiyini söyləyib. O, yeni hücumçuya ehtiyac duyduqlarını vurğulayıb: "Bizə hücumçu lazımdır. Uşaqlarla zarafat edirəm ki, öz tanıdıqlarımdan və yaşıdlarımdan birini alın, qoy, 60 yaşında olsun, amma gedib rəqib qapının ağzında durub sadəcə qol vursun. Qaçması lazım deyil".
Qriqorçuk yeni transfer Araz Abdullayevun böyük potensiala malik olduğunu da dilə gətirib: "Sadəcə, birlikdə çalışaraq, bu potensialı tapmalıyıq və o, Azərbaycan çempionatında ən güclü fiqurlardan birinə çevrilməlidir".
Qeyd edək ki, Sumqayıt"la matçda "Qəbələ"nin qolunu müdafiəçi Vitali Vernidub vurub.