Bolqarıstanlı hücumçu Valeri Bojinov Serbiyanın "Partizan" klubunu tərk edib.
Sportnet.az-ın Serbiya mətbuatına istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu komanda ilə birgə Kiprə yollanmayacaq. Onun Belqrad təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır. Klub rəhbərliyi pul qazanmaq üçün Bojinovu qış transfer dövründə satmağa qərar verib. Təcrübəli forvardın karyerasını xarici klublardan birində davam etdirəcəyi gözlənilir. Yeni klubun adı tezliklə açıqlanacaq.
Son 10 gündə ona Yaponiya və Azərbaycandan təklif olub. Konkret, "Qəbələ" klubu maraq göstərdiyi oyunçudan, "Partizan" yüksək təzminat istədiyi üçün imtina edib. Ona görə də Bojinov həm özünü, həm də klubunu qane edən variant axtarır.
Məlumatlara görə, "Qəbələ"yə keçidi alınmasa, o, karyerasını üçüncü ölkədə - Rusiyada "Ufa" və ya "Rubin"də davam etdirəcək.
Qeyd edək ki, Valeri Bojinov əvvəllər İtaliyanın "Leççe", "Fiorentina", "Yuventus", "Parma", İngiltərənin "Mançester Siti" və Portuqaliyanın "Sportinq" kimi məşhur klublarının formasını geyinib. O, 2015-ci ilin yayından çıxış etdiyi "Partizan"da 51 oyuna 23 qol vurub.