Türkiyə "Adanaspor"unun "Qarabağ"dan transfer etdiyi Reynaldo klubun televiziyasına müsahibə verib. Sportnet.az-ın məlumatına görə, braziliyalı hücumçu əvvəlcə karyerası barədə danışıb.
O, Azərbaycandakı illərini məmnunluqla xatırlayıb: "Futbolçu karyeramı Braziliyanın komandasında başladım. Daha sonra Belçika "Anderlext"inə və "Serkl Brügge" klublarına transfer oldum. Ardından Azərbaycana yollandım. "Qarabağ"da 4 xoşbəxt il keçirdim. "Adanaspor"da da uzun müddət və çox məmnuniyyətlə futbol oynayacağıma, ailəmin də burada çox xoşbəxt olacağına əminəm".
Reynaldo daha sonra "Adanaspor" və şəhərin özü barədə ilkin təəssüratlarını bölüşüb: "Bura gəldiyimdən bəri çox xoşbəxtəm. Hamı mənə əlindən gələn yardımı edir. Bu da məni çox məmnun edir. Çünki yeni gəldiyiniz ölkə və şəhərdə yaşamaq çox da asan deyil. Amma mənim üçün möhtəşəm qarşılanma oldu. Ona görə də klubumdan hər kəsə təşəkkür etmək istərdim. Adana barədə çox gözəl təəssüratlarım var. Yoldaşlarımla bu məsələ barədə danışdıq. Hazırkı hava və iqlim şəraiti həqiqətən də çox gözəldir. Bundan çox xoşbəxtəm. Belə də davam edəcəyinə ümidvaram. Çünki günəşli havadan çox xoşum gəlir. İlkin təəssüratlarım müsbətdir. Ümidvaram ki, bu, belə də davam edəcək.
"Sambaçı" yeni klubundakı hədəflərini də açıqlayıb: "Təbii ki, hədəflərimdən ən önəmlisi komandama kömək etməkdir. Məndən əlimdən gəldiyi qədər qol gözlədiklərinin fərqindəyəm. Mən də qollarım və məhsuldar ötürmələrimlə, komandama dəstəyimlə yardım etmək istəyirəm. Hədəflərim bunlardır".