"Mənə iki sarı vərəqənin göstərilmə səbəbini başa düşmədim. Bilmədim ki, bu, "Qarabağ"a görə idi, yoxsa başqa səbəb var idi".
Sportnet.az-ın məlumatına görə, bunu AZAL komandasının futbolçusu Sadio Tounkara "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra deyib.
Malili yarımmüdafiəçi bildirib ki, meydandan qovulmasına səbəb olan epizodda Ağdam klubunun qapıçısı İbrahim Şehiçə qarşı kobudluq etməyib, baş hakim Orxan Məmmədov isə ikinci sarı vərəqəni dərhal göstərməyib: "Həmin epizodda baş hakim əvvəlcə mənə heç nə demədi. Amma sonradan nə baş verdisə, gəlib ikinci sarı vərəqə göstərərək, məni meydandan kənarlaşdırdı. Mən heç kiminlə mübahisə etmədim".
Tounkara hesabda irəlidə olduqları halda, görüşü məğlub başa vurmalarında azlıqda qalmalarının rol oynadığını da vurğulayıb: "Əlbəttə, azlıqda qalmağımız nəticəyə təsir etdi. Tam heyətlə çıxış etsəydik, udmaq demirəm, bəlkə də uduzmayacaqdıq. Yəni, bunun rolu oldu".