Elşən MƏMMƏDOV
Bu yaxınlarda saytımızın yazarı Vüqar Məmmədovun solaxay futbolçular barədə yazısını oxudum. "O solaxaydan bizdə niyə yoxdur?" sualına cavab tapmağa çalışmışdı. Yazmışdı ki, solaxayların çərçivəyə sığmaması, improvizator olması həddi keçməyi sevməyən "sağçı" rəhbərlər tərəfinindən qəbul olunmur. Xüsusən, böyüyə "baş üstə", "bəli", "oldu" deməyi xoşlayan bizimkilər tərəfindən. Nəticədə bu gün azərbaycanlı futbolçular arasında solaxaylara rast gəlinmir. Belə xarakterlərinə görə onları uşaq yaşlarından məşqçilər, sadəcə olaraq futbolçu kimi məhv edirlər.
Bəs necə olur ki, Azərbaycanda ilin əcnəbi idmançısı məhz sol cinah oyunçusu - "Qarabağ"ın və Albaniya millisinin müdafiəçisi Ansi Aqolli seçildiyi halda, həmin cinahda oynamağı bacaran yerli futbolçu tapılmır?
Səbəb həqiqətən də psixoloji amillərlə bağlıdırsa, bu, xoşagələn hal sayıla bilməz. Azərbaycan millisinin keçdiyi 25 illik yola nəzər saldım, sabit oyunu ilə Emin Ağayevdən başqa seçilən və güclü sol cinah müdafiəçisi xatırlamadım. Amma sol cinahda normal yerli futbolçu sarıdan əziyyət çəkməyimizin bir səbəbi də var. Bu, elə keçmiş SSRİ futbolunun yetirmələri olan mühafizəkar azərbaycanlı baş məşqçilərin 3-5-2 taktikasından əl çəkməmələri ilə əlaqədardır. Yəni, 3 mərkəz müdafiəçisinin oynadığı sistemdə bir sağ, bir də sol cinah oyunçusu olur. Onların işi isə daha çox arxa xəttə dəstək verməklə məhdudlaşır. Yəni, indiki cinah oyunçuları kimi daim irəli-geri hərəkət edə bilmirlər. Bax, belə mühafizəkarlıqlar üzündən sürətli cinah oyunçularının yetişdirilməsi müşkülə çevrilib. Emin Ağayevin isə solda sabit oynaması legioner həyatı yaşadığı klublarda novator baş məşqçilərlə işləməsindən irəli gəlir.
İndiyədək xaricdən Azərbaycan millisinin baş məşqçi postuna gətirilmiş əcnəbi mütəxəssislərin açıqlamalarına diqqət edin. Demək olar ki, hamısı eyni fikri səsləndirir: "Azərbaycanda solaxay futbolçu yetişmir". Yığmaya hansı baş məşqçi gəlirsə, sol cinahda eksperiment etməkdən yorulmur. Axırda da hansısa əcnəbi futbolçunu milliləşdirib qoyurlar o cinaha. Nəticəsi isə hamıya məlumdur. Götürək elə Arif Daşdəmirovu. Onun noyabrda Azərbaycan millisinin heyətində səfərdə Şimali İrlandiya, "Qarabağ"da isə Avropa Liqasında Çexiyada "Slovan"la görüşlərdəki fiaskosunu xatırladınızmı? Hələ də klubunda Aqollinin kölgəsində yatan Daşdəmirovu deyirəm...
Amma ötən gün "Zirə" və "Kəpəz" komandaları arasındakı oyunu izlədikdə bir futbolçunun çıxışı diqqətimi xüsusi cəlb etdi. Bu, meydan sahiblərinin müdafiəçisi Təmkin Xəlilzadə idi. Sol cinahda inamlı oyunu ilə seçilirdi. "Zirə" azlıqda qaldığı vaxt "Kəpəz"in bir neçə futbolçusunu keçərək, rəqibin cərimə meydançasına uzun reyd etdi və Nurlan Novruzova məhsuldar ötürmə verdi.
Bu gün isə karyerasına nəzər saldım. "Qarabağ" akademiyasından yetişib, əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün AZAL-a verilib, oradan da "Zirə"yə keçib. Sol cinah müdafiəçisidir, sürətlidir, hücuma açılma və dərhal da müdafiəyə qayıtma keyfiyyətləri var. Bu mövsüm 16 oyunun 14-də sonadək, 1-də 80 dəqiqə meydanda olub, 1-ni isə cəza üzündən buraxıb. Yəni, öz klubunun heyətində sabit çıxış edir.
Bilmirəm, Prosineçki dünənki oyunda idi, ya yox. Amma yığmanın solunda "paslanmış" Arif Daşdəmirovu və milliyə niyə gəlib-niyə getdiyi hələ də müəmmalı olan Pavel Paşayevdənsə, belə bir gənc futbolçunu sınaması heç də pis olmazdı.
Gələn ay Qətərlə yoldaşlıq görüşü var. Maraqlıdır, görəsən, Prosineçki Xəlilzadəni toplanışa çağıracaqmı? Yoxsa yenəmi Təmkinini qoruyacaq?