1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yüzfaizli "Zirə", "Qarabağ"ı ən erkən cəzalandıran "qoca" və AZAL-ın qənimi
Premyer Liqanın son turu turnir cədvəlində bir yerdəyişməyə səbəb olub. Sportnet.az-ın məlumatına görə, ölkə kubokunun nəticəsindən asılı olaraq Avropa Liqasına vəsiqə verən 4-cü yerin yeni sahibi "Zirə” olub.
Ötən çempionatın gümüş medalçısı olan qəsəbə təmsilçisi cari mövsümdə heç üçlükdə olmasa da, qış fasiləsindən sonra xeyli artırıb. Təsadüf deyil ki, III dövrənin startında 2 oyundan sonra yüzfaizli nəticə göstərən yeganə komanda məhz "Zirə”dir. Hətta ilk üçlükdə olan "Qarabağ”, "Qəbələ” və "İnter” hər 2 oyunda qalib gəlmələri ilə öyünə bilməzlər. Onların hər biri 1 qələbə qazanmaqla yanaşı, 1 heç-heçə edib.
Təbii ki, zirəlilərin belə uğurlu startında yeni baş məşqçisi Ayxan Abbasovun böyük rolu var. Göründüyü kimi, komandaya baş məşqçi dəyişikliyi düşərli olub. Ötən mövsüm kömək etdiyi Adil Şükürovu baş məşqçi postunda əvəzləyən Abbasov cari çempionatın ən gənc baş məşqçisi kimi öz sözünü deyir. Düzdür, onu da nəzərə alaq ki, "Zrə” çox komandalardan fərqli olaraq hər 2 oyununu evdə keçirib. Əslində, son turda "Kəpəz”lə oyun səfərdə olmalı idi ki, qarlı hava üzündən Gəncə stadionunun pis vəziyyəti meydanla bağlı yerdəyişməyə səbəb olub. Zirəlilər bundan da maksimum yararlandılar.
"Zirə”nin cari mövsümdən heyətinə cəlb etdiyi paraqvaylı hücumçusu Sezar Meza Kolli hər 2 turda diqqət mərkəzində olub. İtaliya vətəndaşı da olan legioner AZAL-a 2:1 hesabı ilə qalib gəldikləri matçda dublla qələbədə böyük pay sahibi olmuşdusa, bu dəfə artıq 28-ci dəqiqədə qırmızı vərəqə almaqla antiqəhrəman olub. Ancaq komandası "Kəpəz”lə oyunun böyük hissəsini azlıqda keçirməsinə baxmayaraq meydandan qalib ayrılıb.
"Kəpəz” isə hər 2 oyunda məğlub olmaqla qış fasiləsindən ən zəif göstəriciyə malikdir. Hətta son pillədə olan AZAL keçirdiyi 2 matçda uduzsa belə, topların fərqində Gəncə klubunu qabaqlayır. "Kəpəz”in baş məşqçisi Şahin Diniyevin başının üstünü "qara buludlar” alıb və belə uğursuzluq davam edərsə, istefa qaçılmaz olacaq. Ancaq digər tərəfdən, Diniyevi də qınamaq olmur. Axı "Kəpəz” qış fasiləsində nə heyətinə yeni futbolçu cəlb etdi, nə də xaricdə təlim-məşq toplanışı keçdi. Düzdür, Antalyada hazırlıq keçən "İnter” də transferlərə imza atmadı (üstəlik, iki aparıcı futbolçusu Ruslan Abışovla Ağabala Ramazanov getdi) da, bu, məcburiyyətdən, FİFA-nın transfer qadağası üzündəndir.
"İnter”dən söz düşmüşkən, bu komanda da "Zirə” kimi ilk 2 turdan sonra yüzfaizli nəticə göstərməyə yaxın idi. Ancaq hesabda geridə olduğu "Sumqayıt”la səfər matçında özündən güc taparaq irəli çıxmağı bacaran Zaur Svanadzenin komandası bunun sevinci bitməmiş qapısında qol görüb. "Sumqayıt”ın 22 yaşlı hücumçuları - əvvəlcə Mirbadulla Abbasov, sonra Nicat Muxtarov "İnter”i cəzalandırdı. Ancaq Samir Abasovun komandası meydanı xaısız tərk etməsə belə, 4-cü pilləni tərk etməli oldu.
P
Premyer Liqanın liderləri olan "Qarabağ”la "Qəbələ” də bu turda qələbə baxımdan böyük çətinliklərlə üzləşdilər. Qurban Qurbanovun komandası son pilləni sahibi olan AZAL-la səfər matçının artıq ilk hissəsində iki şok birdən yaşadı. Əvvəlcə 7-ci dəqiqədə qapısına top görən lider ardından liderlərindən Dani Kintananı itirdi. Durduğu yerdə ayağı burxulan, süni meydançanın qurbanı olan Premyer Liqamızın ötən mövsümünün bombardirinin ən azı 6 ay oynamayacağı məlum oldu. Bu isə o deməkdir ki, Kintama üçün mövsüm vaxtından xeyli əvvəl bitdi.
Maraqlıdır ki, "Qarabağ”ın qapısına cari çempionatda belə erkən yol tapan olmamışdı. Ən yaxşı halda "Qəbələ”nin xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç bunu 11-ci dəqiqədə edə bilmişdi. "Qarabağ”la oyunda belə rekordu edənin ən az qol vuran, son pillədə gedən komandanın, onun müəllifinin isə cari çempionatın ən yaşlı sahə oyunçusu Rəşad Abdullayevin olması diqqət çəkir. Rəşad bu mövsümün iştirakçıları arasında ən yaşlı futbolçu olan "Sumqayıt"ın qapıçısı Fərhad Vəliyevdən yalnız geri qalır. 36 yaşlı Abdullayevin qış fasiləsindən sonra hər 2 oyunda fərqlənməklə "nə qədər qoca olsam da, min cavana dəyərəm” məsəlini oxşayır. Yəni onun kimi hər 2 matçda meydanı qolsuz tərk edən futbolçu olmayıb.
"Qarabağ”ın futbolçusu Maksim Medvedev bu oyunda Rəşad Sadıqovun yoxluğunda təkcə kapitan, mərkəz müdafiəçisi kimi yox, qolçuluq bacarığı ilə özünü göstərib. Maraqlıdır ki, millimizin müdafiəçisi cari çempionatda bütün qolarını məhz AZAL-a vurub. O, "təyyarəçilər”i ilk dövrədə 6:0 hesabı ilə məğlub etdikləri oyunda dubl etmişdi. Göründüyü kimi, Medvedev AZAL-a ən çox qol vuran futbolçu kimi onun qəniminə çevrilib.
"Qəbələ” az qala ardıcıl ikinci ev oyununda heç-heçə ilə növbəti 2 xal itkisi ilə barışmalı olacaqdır. Ancaq xilaskar rolunda köhnə-yeni transfer Danil Subotiç oynadı. Üç ilə yaxın fasilədən sonra "qırmızı-qaralar”a dönən isveçrəli hücumçu başla qələbə topunun müəllifi oldu. Yeniləşən "Neftçi” isə 2 oyuna cəmi 1 toplasa da, bu dəfə ona yox, idarə etdiyi matçlarda hakimlərin ünvanına kəskin tənqidlər səslənir. Axı "ağ-qaralar”ın hər iki matçında aşkar hakim səhvləri oldu. Özü də bunlar 70-ci dəqiqələrdə baş verdi və Elxan Abdullayevin komadası birində 3, digərində 1 xaldan məhrum oldu.