"Önəmlisi, 3 xal əldə etmək idi. Bunu da bacardıq və çempionluğa doğru yolumuzu davam etdirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Miçel "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra deyib. İspaniyalı yarımmüdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb.
- Zədəli Dani Kintananın yoxluğunu nə dərəcədə hiss etdiniz?
- Hər bir futbolçunun yoxluğu özünü göstərir. Lakin onun zədəsi var, müalicə ilə məşğuldur. Biz belə şeylərə fikir verməməli, əlimizdəki futbolçularla kifayətlənməliyik. Göründüyü kimi, hər şey meydanda idi.
- "Qəbələ" istisna olmaqla rəqibiniz yoxdur. Bu, çıxışınıza necə təsir göstərir?
- Təbii ki, "Qəbələ"ni yaxşı heyətə malik komanda kimi qeyd etmək olar. Amma bütün oyunlar olduqca çətin keçir. Ötən həftə AZAL-ın necə müqavimət göstərdiyini gördünüz. Bu gün "Zirə", əvvəllər isə digər kollektivlərlə qarşılaşmalar heç də asan alınmadı. Əksinə, hamısı çətin idi.
- "Zirə"nin "Qarabağ"la yaxın olduğu, ona görə də öz aranızdakı oyunun asan keçəcəyi deyilirdi...
- Sualınız mənə təəccüblü gəlir. Meydanda hamı görür ki, oyunlar asan keçmir. Onlar da bizə müqavimət göstərir, qalib gəlmək istəyirlər. Meydanda hər şey göz qabağındadır.
- Son turlarda daha çox "Qarabağ" lehinə olan hakim səhvləri nəzərə çarpır. Komandanızın belə köməyə ehtiyacı var?
- Hakimlərin işinə qarışmaq, bu mövzuda fikir bildirmək istəmirəm. Hakim olmaq asan deyil. Bəzən verdikləri qərarlar kiminsə xoşuna gəlir, kiminsə yox, bəzilərinin lehinə olur, bəzilərinin əleyhinə. Bu mövzuya girmək istəmirəm. Sadəcə, futboldan danışmaq niyyətindəyəm.
- "Qəbələ" ilə keçirəcəyiniz oyun çempionluq yolunda həlledici ola bilər?
- "Qəbələ"dən əvvəl bizi Gəncədə "Kəpəz"ə qarşı olduqca çətin oyun gözləyir. Deməzdim ki, "Qəbələ" ilə qarşılaşma həlledici olacaq. Çünki çempionatın sonuna hələ var. Mən belə düşünmürəm.