"Qəbələ"nin ukraynalı futbolçusu Vitali Vernidubun durumuna tam aydınlıq gəlib. Klubun həkimi Roman Jolobaylyuk Sportnet.az-a açıqlamasında Premyer Liqanın son turunda AZAL-la ev matçında zədələnən müdafiəçini hərtərəfli müayinə etdiklərini bildirib: "Bakıda klinikada apardığımız bu müayinələrin nəticələri şübhələrimizi təsdiqlədi. Təəssüf ki, Vernidubun sümnüyü sınıb. Bu da onun uzun müddət yaşıl meydandan kənarda qalması deməkdir. Zədənin sağalmasından asılı olaraq bu, təxminən 1 ay olacaq. Hazırda Vitali üçün əsas həkim zamandır".
Ukraynalı mütəxəssis həmyerlisinin ayağına gips qoyduqlarını bildirib: "İndiki halda yeganə variant budur. Xəsarət daha ciddi olmadığından cərrahiyyə müdaxiləyə ehtiyac yoxdur. Gipsi iki həftədən sonra çıxarıb yenidən rentgen müayinələri edəcəyik. İrəliləyiş olarsa, müalicəsini bitirərək yavaş-yavaş məşqlərə başlayacaq. Əks halda, yenidən gips qoyub zədənin tam sağalmasını gözləyəcəyik".
Jolobaylyuk onu da bildirib ki, 30 yaşlı futbolçunun zədəsi ilə bağlı almanlara da müraciət ediblər: "Bizim Almaniyanın Münhen şəhərindəki dünyaca məşhur klinika sıx əməkdaşlığımız var. Hər ehtimala qarşı Vernidubun rentgen müayinələrinin nəticələrini onlara da göndərmişik və məsləhətləşmələrimizi aparacağıq".