"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Sportnet.az-a müsahibəsi
- "Kəpəz"ın doğma meydanında qazonun hazırkı vəziyyəti sabahkı matça nə dərəcədə təsir göstərə bilər? Hər halda, texnikalı oyunu ilə seçilən "Qarabağ" üçün yaxşı ot örtüyü çox vacibdir...
- Meydanın durumu oyuna mütləq təsirini göstərəcək. Özü də çox. Əvvəlki turlarda heç "Kəpəz" özü burda oynamaq istəmirdi. Hətta "Zirə" ilə matçını Bakıya salmışdı. Ancaq bizim başqa variantımız da yoxdur. Ümumiyyətlə, burada oynamaq hər bir komanda üçün ağır olacaq.
- Dediyiniz kimi, "Zirə" ilə matçda belə praktika olmuşdu. Bu mənada oyunun yerinin dəyişdirilməsi, Bakıya salınması variantı var idimi?
- Bu dəfə yerdəyişmə variantı olmadı. Ona görə ki, "Kəpəz"ə bu haqda müraciət etməyimiz düzgün olmazdı. Futbolda belə hallar az olur ki, bir komanda "Kəpəz" kimi 3 oyunu səfərdə keçirsin və ardıcıl məğlubiyyətlər alsın. "Kəpəz"lə Bakıda oynasaydıq, düzgün çıxmazdı. Buna görə dəyişikliklə bağlı müraciət etmədik. "Necə varsa, elə qalsın" deyə düşündük. Hava şəraitini, hər şeyi nəzərə alaraq, Gəncəyə 2 gün əvvəl gəldik.
- Yeri gəlmişkən, hazırda hava şəraiti necədir?
- Dünən Yevlaxı keçəndə, Gəncəyə çatmağa 10-15 dəqiqə qalmış qar başladı. Yer ağarıb.
- "Kəpəz", onun baş məşqçisi Şahin Diniyev ətrafında olan söz-söhbətlər, komandada olan gərginlik sizə, ilk növbədə, psixloji baxımdan üstünlük verə bilərmi?
- Yox. Əksinə, bunlar bizi bir az da məsuluyyətli edir. "Kəpəz" həqiqətən qalib gəlmək, hər bir futbolçusu bu məğlubiyyətlərin müvəqqəti olduğunu göstərmək istəyəcək. Rəqibimizin oyunlarına baxmışam. Yalnız "İnter"lə matçda bir o qədər yaxşı təsir bağışlamadılar. Ola bilər ki, hava şəraiti buna təsir göstərdi. Çünki qarlı havada oynadılar. Ancaq digər iki matçda - "Zirə" və "Sumqayıt"a qarşı yaxşı oyun sərgilədilər. Hər iki matçda çoxlu qol epizodu oldu. Sadəcə, nəticə yoxdur. Ümumilikdə, "Kəpəz" çox təhlükəli komandadır. Hücum xəttində güclü, həddindən artıq sürətli futbolçuları var. Onlar bizim üçün hər an təhülkəlidirlər. Başa düşürəm ki, ardıcıl məğlubiyyətlərdən sonra "Kəpəz"ə çətin olar. Ancaq eyni zamanda onu da düşünürəm ki, əksinə, bizə daha çətin olacaq. Gəncəlilər doğma meydanda qalib gəlməyə, azarkeşləri yenidən inandırmağa çalışacaqlar. Bu mənada bizim üçün mövsümün ən ağır matçı olacaq.
- "Kəpəz"dən sonra "Qəbələ" ilə səfər matçına yollanacaqsınız. Çempionluq uğrunda əsas rəqibinizlə bu matç çox vacibdir. Gəncədəki meydançanın vəziyyətini, əsas futbolçularınızın zədələnmə ehtimalını nəzərə alaraq, onları Qəbələdəki görüşə qoruyaqsanız?
- Açığı, bu gün "Qəbələ"ni düşünmürük. Çünki indi bizi düşündürən "Kəpəz"dir. Bu komanda ilə həmişə çətin matçlar oynamışıq. Özü də Gəncədə son səfərdə xal itkimiz oldu, heç-heçə etdik. Meydanın durumunu, rəqibin istəkli olmasını, Şahin müəllimin komandanı yığmasını düşünürük. Diniyevin komandası həmişə rəqiblərindən fərqlənib, daim üstün futbol oynayıb. Biz buna hazırlaşırıq. Məni hazırda maraqlandıran budur. Qarşıdakı oyunlar barədə heç düşünmürəm.
- Braziliyalı yarımmüdafiəçiniz Riçard Almeydanın 4 oyunluq cəzadan sonra qayıdışı komandanız üçün üstünlük sayılır. İndi o, hansı formadadır?
- Normal. Almeydanın durumunda heç bir problem olmayacaq. Çünki 2 matç əvəzedicilərdə oynatdıq, qol da vurdu.
Mehman SÜLEYMANOV