"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XVIII turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ilk olaraq matç haqda danışıb...
- Bu oyunu izləməyə gələnlər peşman olmadılar. Meydanda bir-birinə güzəştə getməyən iki rəqib var idi. Hər iki komanda xal almaq, qələbə qazanmaq istəyirdi. Sadəcə, kiçik bir epizodda ustalıq hər şeyi həll etdi. 90 dəqiqə gərgin mübarizə getdi. Hər iki komanda qələbəyə yaxın idi. Mənə elə gəlir ki, futbolçularımın mübarizəsinə görə heç-heçə ədalətli nəticə olardı. Oyunçular ayılırlar, artıq özlərinə gəlirlər. Bu matç bizim üçün dönüş nöqtəsi idi. Nəticədən yox, oyundan çox razıyam. Bütün futbolçularımız meydanın hər qarışı uğrunda vuruşdu. Deyiləsi bir söz yoxdur, sadəcə, irəli baxmalıyıq. Əsas odur ki, komanda, baxımlı oyun var, bu, sevindirir. Nəticə özü gələcək. Bundan sonrakı oyunlarımızın çoxu evdədir. Səfərdə itirdiyimiz xalları öz meydanımızda geri qaytaracağıq. Komandamın psixoloji durumdan çıxmasını istəyirdim. Yəqin ki, bugünkü matçda həmin vəziyyətdən çıxa bildirlər. "Qarabağ"ı təbrik edirəm. Qələbəni çox istədi, onu da qazandı. Futbolçumuz Nicat Qurbanov vaxtında zərbə vuraraq qola imza atsaydı, oyun tamam başcqa cür ola bilərdi. Belə oyunda 1 qoldan artıq olmur. Kim az səhv edirsə, o da qazanır.
- Davud Kərimi uzun fasilədən sonra start heyətdə yer aldı. Onun çıxışından razı qaldınız?
- Bəli. Davud ona olan ümidləri doğrultdu. Tadas Simaitisdə psixoloji təzyiq olduğuna görə ilk dəfə Kərimiyə şans verdim. O da heç bir səhv etmədən matçı keçirdi. Şadam ki, ümidləri doğrultdu. Kəriminin növbəti matçda oynayacağını zaman göstərəcək. Demək istərdim ki, Tadas Simaitisin üstündən xəttə çəkməmişik. O, iki ildə bizə çox kömək edib. Sadəcə, son 2 matçda bəxtsizliklə üzləşdi Tadas psixoloji cəhətdən dincəlməlidir.
- Şahin Diniyev istefa verib gedərsə, onun yerinə gələn uğur qazana bilər?
- Mən özüm-özüm haqda bəy tərifi desəm, düz alınmır. Hər azarkeşin fikirlərinə hörmətlə yanaşıram. Kim haqlıdır, kim haqsızdır - bunu Allah bilər. Futbolçularımızın potensialını mən daha yaxşı bilirəm. Komandanı belə vəziyyətdə başsız qoyub gedən deyiləm. Bir şərtlə ki, rəhbərlik bunu desin. Onda heç bir problem yoxdur. Kreslodan bərk tutub dayanmamışam. Getmək çox asandır. Sona kimi vuruşmaq lazımdır. Bugünkü oyun göstərdi ki, komandanı qoyub gemək ağlısızlıq olardı. Mən futbolçularıma inanıram. Heç bir faciə yoxdur. Məndə komandamla bağlı nikbinlik yarandı.
- "Kəpəz" növbəti turda "Neftçi" ilə oyunda dönüş yarada biləcəkmi?
- Buna çox inanıram. "Neftçi" çox güclənsə də, onunla görüşdə daha yaxşı oynaya bilərik. "Neftçi" həmin "Neftçi" deyil. Hər ikimizin qələbə qazanma şansı var. Kimin kimdən güclü olduğunu demək etik cəhətdən düzgün olmazdı. Hər birimizin uğuru sıfıra bərabər deyil.
- İlk hissənin ortalarında azarkeşlə dialoqunuz oldu. Bu, nədən ibarət oldu?
- Dedi ki, filankəsi əvəzlə. Mən də dedim ki, kimi meydana buraxım? Səni, yoxsa özümü? Denən ki, hansı futbolçu meydana buraxım. Əvəzləmə üçün əlində "material" olmalıdır. Bu, dostyana dialoq, yumor oldu. Baxdı, güldü, çöndü. Azarkeşlərimiz möhtəşəmdir. Onlar komandanın vəziyyətindən asılı olmayaraq uğur istəyirlər. Buna haqlıdırlar. Sadəcə, bəzi məqamlara görə bunu edə bilmərik. Komandanın arxasında durun azarkeşlərimizə minnətdaram.