Azərbaycan Premyer Liqasının XVIII turunda "Qəbələ" ilə oyunun uzatma dəqiqələrində "Zirə"nin vurduğu qol epizodundan əvvəl baş verənlər ciddi müzakirələrə səbəb olub.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı keçmiş FİFA referisi Tahir Süleymanov sosial şəbəkədə fikirlərini bölüşüb. O, həmin vaxt baş verənləri Rasim Ramaldanova ikinci sarı vərəqənin göstərildiyi epizoddan daha önəmli, məsuliyyətli və dolayısı ilə nəticəyə təsir edən məqam kimi dəyərləndirib. Süleymanov bildirib ki, künc zərbəsindən vurulan qol ərəfəsində "Qəbələ"nin cərimə meydanında "Zirə"nin hücumçusu Nurlan Novruzov qonaq komandanın futbolçunu qolundan tutaraq, yerə yıxıb. Bundan sonra isə Novruzov komanda yoldaşları ilə birgə baş hakim Əliyar Ağayevdən penalti tələb edib.
Sabiq referinin fikrincə, epizodun davamında baş hakim künc zərbəsi deyil, rəqibi tutub saxladığına və simulyasiya etdiyinə (eyni anda ikili qayda pozuntusu) görə, "Zirə"nin futbolçusuna sarı vərəqə və "Qəbələ"nin lehinə cərimə zərbəsi təyin etməli idi: "Üstəlik, qolu vuran Riçard Qadze oyundankənar vəziyyətdə idi. Bu və ya əvvəlki epizodda qayda pozuntusu qeydə alınsaydı, faktiki oyunun yekunlaşması anlamına gələcəkdi".
Süleymanov hesab edir ki, "Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanovun ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılmasından bir neçə dəqiqə əvvəl "Qəbələ"nin digər futbolçusuna rəqibi əllə tutub saxladığı üçün 2-ci sarı vərəqə göstərilməli idi: "Olanı vermirlər, olmayan epizodlarda problem yaradırlar".
Qeyd edək ki, görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib. Sportnet.az böyük müzakirələrə və bərabərlik qolunun vurulmasına səbəb olan görüntüləri təqdim edir...
Bombardirlər: Bəhruz Teymurov ("Karvan), Emil Qasımov ("Karvan"), Domi Massumo ("Qəbələ") - hər üçü 12, Seyxan Fərəcov ("İmişli"), İbrahim Əliyev (MOİK) - hər ikisi 10 qol.