"Bu gün komandamı tanıya bilmədim. "Qarabağ” və "Qəbələ” ilə oyunlardan əsər-əlamət yox idi. Bəlkə də üzərimizdə təzyiq var. Amma bu, bəhanə deyil. Görəcəyimiz işlər çoxdur. Hücumla yarımmüdafiənin əlaqəsi yox idi. Rəqibi təbrik edirəm, buraxdığımız bütün səhvləri aradan qaldırmalıyıq. Səvlərimiz həddən artıq çoxdur".
Sportnet.az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XVIII turunda AZAL-a evdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Daha sonra Əhmədov jurnalistlərin suallarını cavablandırıb...
- AZAL ötən mövsüm də "İnter”lə bacarmırdı, elə bu il də onlarla qarşılaşmalar sizin üçün uğursuz keçir...
- Hər komandanın arzuolunmaz rəqibi var. "İnter” də bizim üçün belə rəqibdir. 3 ildir buradayam, onlara qalib gələ bilmirik. Rəqib 5 müdafiəçi ilə oynayır, bəlkə də buna görədir. Belə komandalara qarşı fərdi ustalığı önə çəkmək lazımdır. Futbolçularılmızın oyunları alınmadı.
- Ötən oyunlardakı hakim səhvləri və "Neftçi”nin aralanmasının təsiri var?
- 3 tura baxanda çox aşağı səviyyədə oynadıq. Hamının səhvi olur. Komandam qapıya top vura bilmirsə, hakimləri çox günahlandırmaq olmur. Bizim vaxtımızda bu cür şərait yox idi, amma futbolçular indi zəif cəhətləri üzərində işləmir. Peşəkar oyunçu hər şəraitdə oynamalıdı. Komandamızın zəif oynayırsa, keçmişdə olanlar bəhanə deyil.