AZAL-ın qapıçısı Aqil Məmmədov evdə "İnter"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra brifinq keçirib. Qolkiper Sportnet.az-ın da suallarını cavablandırıb...
- Görüş haqda nə deyə bilərsən?
- Qış fasiləsindən sonra keçirdiyimiz son 3 görüşün hamısında uduzmuşduq. İstəyirdik ki, bu matçda xal qazanaq. Yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Uşaqlar sona qədər əziyyət çəkdilər. Ancaq "İnter" də yaxşı komandadır. Sonda qol vurdular.
- Razısanmı ki, bu, karyeran ərzində buraxdığın qollar arasında ən gözəli idi?
- Qol sadəcə, fantastika idi. Həqiqətən də gözəl qol alındı. Nizami Hacıyevi bu münasibətlə təbrik edirəm. İnanıram ki, bu, çempionatın ən gözəl qolu seçiləcək.
- Zərbəni gözləmirdin?
- Çox gözəl zərbə alındı. Trayektoriya da maraqlı oldu.
- Bəs AZAL-a xal üçün nə çatmadı?
- Əziyyət çəkdik, sonadək vuruşduq. Vəziyyəti hamınız yaxşı bilirsiniz. Nə edək? Alınmadı.
- Bu gedişatın sonu necə ola bilər?
- Onu məndən yox, rəhbərlikdən sorusun. Biz çalışırıq ki, oynayaq, xal qazanaq. İnanıram ki, hər şey yaxşı olacaq.
- Qarşıdakı turda "Sumqayıt"dan xal almaq mümkün olacaq?
- "Sumqayıt"la iki heç-heçəmiz var, onlara heç uduzmamışıq. Oyundur, necə nəticələnəcəyini bilmək olmaz. İnanıram ki, qələbə qazana biləcəyik.
- Komandanızın maddi durumu nə yerdədir: Maaş alırsınız?
- Biz AZAL-a oynamaq üçün gəlmişik. Pula görə oynamırıq. Ümidvaram ki, hər şey daha yaxşı olacaq.