
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyun barədə fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Maraqlı oyun oldu. Rəqibimiz də çox yaxşı mübarizə apardı. Fərhad Vəliyevin ustalığı olmasaydı, daha çox qol vura bilərdik.
- Bu gün sizə qar daha çox mane oldu, yoxsa "Sumqayıt"?
- Havadan şikayətlənmək düz olmazdı. Hər iki komanda bu şəraitdə oynadı.
- Bu hava şəraitinə uyğun hazırlaşmışdız?
- Bəli. Müəyyən elementlər olur. Onların üzərində məşq edirik.
- Mahir Şükürovun bu mövsüm karyerasını bitirəcəyi düz məlumatdır?
- Bunu Mahirdən soruşsanız, yaxşı olar. Özü bilər, istəsə oynacaq. İstəməsə yox.
- Boban Baykoviçin ehtiyatda qalması limitlə bağlıdı, yoxsa başqa problem var?
- Oyun bunu tələb edirdi. Rəqibdən asılıdır.