"Bizi çətin oyunun gözlədiyini bilirdik. "Kəpəz” bu oyna yaxşı hazırlaşmışdı. Onlara xal daha çox lazım idi, nəinki bizə. Komanda yaxşı oynadı, sadəcə, qol vura bilmədi. Rəqibə 90 dəqiqə təzyiq etsək də, qələbə qazana bilmədik".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev "Kəpəz"lə evdə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra deyib.
Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- İkinci hissədə hücumçunu hücumçu ilə əvəzləməyinizə nə səbəb oldu?
- Fikirləşdim ki Hüqo Barqası kimin əvəzinə meydana buraxa bilərəm? O, cinahda oynayan futbolçu deyil. Müdafiəçi ilə əvəzləməklə risk etmək istəmədim. Buna görə, məcburən onu Seqoviya ilə əvəzlədim. Hər iki oyunçu tam hazır deyil.
- Namiq Ələsgərovun və Rəhman Hacıyevin oyunundan razı qaldınız?
- İlk hissədə alınmmasa da, ikinci hissədə yaxşı oynadı. Fasilədə ona tapşırıqlar verdim. O ki qaldı Rəhmana, onun oyunundan razı qalmadım. Ehtiyatda oturmasının səbəbi isə ötən oyunda qalib gələn heyətə şans verməyim oldu. Qalib heyəti dəyişməzlər.
- Komandanın get-gedə az qol vurması sizi qayğılandırmır?
- Mən daha çox qol buraxmadığımıza görə sevinirəm. Düzdür, mən də istərdim ki, həmişə stadionda qol vurulandan sonra səslənən mahnını eşidim (gülür). Ancaq bu, həmişə mümkün olmur.
- Ruslan Abışovun vəziyyəti necədi?
- Onu oyundan sonra görməmişəm.