"Maraqlı oyun keçdi. Həm rəqibin, həm də bizim qələbə şansımız var idi. Məncə, bizim fürsətlərimiz daha real idi. Əsas odur ki, komanda oyun sərgilədi. Bu gün heyətdə rotasiya etmək çox çətindir. Ancaq vuruşduq. Mənə elə gəlir ki, hər iki komanda xala layiq idi. Meydanda derbiyə layiq oyun izlədik. Bundan sonra daha da yaxşı olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
51 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Qış fasiləsindən sonra komandanın belə oyun sərgiləməsinə nə mane olurdu?
- "İnter”, "Zirə”, "Sumqayıt”la oyunlara da 3 xal üçün çıxmışdıq. Amma oyunumuz alınmamışdı və uduzmuşduq. Bundan sonra 7 ev oyunumuz var. Məncə, hələ heç nə itirməmişik. Avrokuboklara vəsiqə şansımızı davam etdiririk. "İnter”lə oyunun ilk hissəsindən sonra komanda psixoloji cəhətdən sındı. Bizə təzyiqlər də çox olur. Azarkeşləri də qınamaq olmaz. Ancaq inanın mənə, komanda daxilində heç bir təxribat yoxdur. Baxın, "Lester” keçən iln çempionudur, ancaq indi aşağı pillələrdə qərarlaşıb. Buna görə baş məşqçini öldürməlidirlər? Bu gün komanda boyundan yuxarı tullandı. Hamıya hörmətim var, ancaq bilməlidirlər ki komanda daxilində heç bir gərginlik yoxdur.
- Komanda ikinci hissədə fiziki cəhətdən daha yaxşı oynadı...
- Futbolda psixoloji hazırlıq böyük əhəmiyyət daşıyır. Belə deyək, psixoloji hazırlıq nəticədə 11 faiz rol oynayır. Əvvəlki oyunlarda psixoloji cəhətdən məhz bu 11 faiz çatışmadı.
- Tadas Simaitis və Serjinyonun ehtiaytda oturmaları cəza məqsədilə idi?
- Yox, belə şeyə qarşıyam. Futbolda reallıqlar var. Tadas pis qapıçı deyil. Sadəcə, Davud Kərimi "Qarabağ”la oyunda yaxşı təsir bağışlamışdı. O ki qaldı Serjinyoya, bu oyunda ondan çox digər oyunçulara ehtiyacım var idi. O, hücumameyilli oyunçudur, ona görə ikinci hissədə meydana buraxdım.
- Tural Axundovun mərkəzdə oynaması Vüqar Bəybalayevin oyunundan narazı qalmağınızla bağlıdır?
- Bəybalayev yarı dağıdıcı, yarı yaradıcı oyunçudur. Buna görə bu gün daha müdafiəmeylli olan Turala mərkəzdə şans verdim.