"Neftçi"nin futbolçusu Pavel Dreksa evdə "Kəpəz"lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyun barədə nə deyə bilərsiniz?
- Matça zəif başlasaq da, sonradan oyunumuzu tapdıq. Qol vəziyyətlərimiz olsa da, yararlana bilmədik. Nəticədə 2 xal itirdik.
- İlk yarıda yaratdığınız epizodda komanda yoldaşlarınız penalti tələb etdi. Siz həmin epizodda penaltinin olduğunu düşünürsünüz?
- Özüm həmin epizodu görə bilmədim. Amma oyundan sonra komanda yoldaşlarım Zdenek Folprextə qayda pozuntusunun olduğunu dedilər. Amma bu, önəmli deyil. Çünki referi o epizodu görmədi.
- "Neftçi" yüksəlişdə, "Kəpəz" enişdə olan komandadır. Rəqibdən belə müqavimət gözləyirdiniz?
- Belə bir oyun gözləyirdik. Çünki hər bir rəqibi oyundan əvvəl təhlil edirik. Baş məşqçimiz də bütün məlumatları verir. Amma əsas problem o idi ki, qol vura bilmədik. Qol vursaydıq, "Kəpəz" daha açıq oyun sərgiləyəcəkdi və bununla da daha çox şansımız yaranacaqdı.
- Qol vura bilməməyinizin səbəbi nədədir?
- Bu gün nədənsə, bir az əsəbi, həyəcanlı idik. Hardasa aqressiya çatışmazlığını da qeyd edərdim.
- Əsəbi olmamağınıza azarkeşlərin oyununuza gəlməməsinin, tribunaların boş olmasının təsiri oldu?
- Futbolda belə hallar olur. Bugünkü oyun "Sumqayıt"la ötən tur qarşılaşmamıza oxşamırdı. "Kəpəz"lə matçda biz daha əsəbi idik. Keçən oyunda isə daha çox şey alınırdı. İndi nəyin alınıb-alınmadığını deyə bilmərəm. Təhlildən sonra bəlkə nəsə fikir yürütməyim mümkündür.
- Qış fasiləsindən sonrakı sıx qrafik oyunlarınıza necə təsir edir?
- Belə qrafik mənim xoşuma gəlir. Oynamağım daha yaxşıdır, nəinki məşq. Özümü fiziki cəhətdən çox yaxşı hiss edirəm. Deyə bilərəm ki, heç yorulmamışam.