"Zədəm birdən oldu, oyun epizodu deyildi. Qaçanda ayağımda ağrı hiss etdim".
Bunu Sportnet.az-a açıqlamasında "Neftçi"nin futbolçusu Ruslan Abışov Azərbaycan Premyer Liqasının XIX turunda "Kəpəz"lə 0:0 hesablı heç-heçə etdikləri matçda aldığı zədə barədə danışarkən deyib. Artıq 17-ci dəqiqədə əvəzlənməli olan yarımmüdafiəçi zədəsinin ciddi olmadığını söyləyib: "Əzələ dartması ilə bağlı ciddi problem deyil. Yüngül zədədir. Yəqin ki, növbəti turda AZAL-la matçda oynayacağam. Bu gün də davam edə bilərdim, sadəcə, onda zədəmi ağırlaşdıracaqdım. Buna görə əvəzlənməyim daha məqsədəuyğun sayıldı. Meydanın qazonu bərk idi. Sözsüz ki, süni meydandan təbii ot örtüyünə keçməyin də təsiri var. Ancaq özümü gücə salmadım. Fikirləşdim ki, birdən ciddi nəsə ola bilər".
Abışov vacib matçda komandasına kömək edə bilmədiyinə görə üzülür: "Bu, mənə çox pis təsir etdi. Əhval-ruhiyyəm sıfırdır. Açığı, ilk hissəyə baxmadım. Gedib paltardəyişmə otağında oturdum. İkinci hissənin son 30 dəqiqəsinə tribunada baxdım".
Təcrübəli müdafiəçi "Kəpəz"lə ev oyununda vacib 2 xal itirdiklərini vurğulayıb: "Böyük ümidlər var idi ki, qalib gələcəyik. 3 xal qazanmalı idik. Çünki "Zirə"nin də xal itirdiyini bilirdik. Ən azı 4-cü yerə yaxnlaşmaq üçün yaxşı şansımız vardı. İtirdiyimiz xalları qarşıdaki oyunlarda qazandığımız qələbələrlə yüzdəyüz əvəzləməliyik. Başqa şansımız yoxdur. Avropa Liqasında çıxış etmək istəyiriksə, sonadək mübarizə aparmalıyıq. Bütün oyunlarda maksimum olan 3 xalı qazanmalıyıq".
Mehman SÜLEYMANOV