"Qarabağ”ın futbolçusu Elşən Abdullayev Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində "Kəpəz” üzərində 2:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Əvvəlcə matçla bağlı fikirlərinizi bildirərdiniz...
- Çətin matç oldu. "Kəpəz” hesabı açsa da, vaxtında toparlandıq və qələbə qazanmağı bacardıq. "Qəbələ”nin "Zirə” ilə oyunda heç-heçə etməsi aradakı fərqi 4 xala yüksəltməyimizə imkan verdi. Bu, ayrı sevincdir.
- Çempionluq yolunda bir yox, iki addım atmış olduğunuzu söyləmək olar?
- Əlbəttə, əsas rəqibimizin xal itirməsi bizim üçün sevindiricidir. Amma qarşıda hələ oyunlar var.
- İlk dəfə "Qarabağ”ın heyətində "11-lik”də yer aldınız. Özünüzü necə hiss edirdiniz?
- Zədədən sonra ilk oyunlar çətindir. Fiziki baxımdan axsamalar olur. Artıq özümü tam hazır sayıram. Baş məşqçimiz şans versə, qarşıdakı oyunlarda da meydana çıxmağa hazıram. Bundan da yaxşı oynayacağam.
- Fasilədə əvəzləndiniz. "Hazıram" desəniz də, baş məşqçi bu cür düşünmədi…
- Buna baş məşqçi cavab verə bilər. Əvəzləyibsə, baş məşqçinin məsləhəti belədir.
- Sabiq komandanınız "Neftçi”yə qarşı oyunda fərqli hisslər yaşadınızmı?
- Əlbəttə, "Neftçi”yə qarşı oynamaq mənə pis təsir etdi. Qələbə qazandığımıza sevinirəm. Amma "Neftçi”nin yarımfinalda rəqibimiz olmasını istəməzdim. Finalda üz-üzə gəlsək, daha yaxşı olardı.
- Namiq Ələsgərovun "Qarabağ”dan "Neftçi”yə keçidi zamanı baş məşqçilər razılaşdılar ki, o, keçmiş klubuna qarşı oynamasın. Bəs sizinlə bağlı niyə belə bir tələb olmadı?
- "Qarabağ”a azad agent kimi keçmişəm. Ona görə də "Neftçi” belə bir tələb irəli sürmədi.