1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vaqif Paşayev: "Onlar Premyer Liqa qapılarını üzümə bağladılar" - MÜSAHİBƏ
"Sumqayıt"ın 17 və 19 yaşadək futbolçulardan ibarət komandalarının koordinatoru, uşaq futbolu üzrə tanınmış məşqçi Vaqif Paşayevin Sportnet.az-a müsahibəsi
- İndiyədək neçə yetirməniz olub?
- Yetirmələrim çoxdur. Premyer Liqa və I Divizionda 70-dən çox futbolçum çıxış edib. MOİK-də baş məşqçi olduğum vaxt rəhbərliyim altında Rəşad Sadiqov, rəhmətlik Səbuhi Sadiqov, Cəmşid Məhərrəmov, Elnur Allahverdiyev, Zaur Ramazanov, Araz Qulamov, Rəcəb Fərəczadə kimi futbolçular forma geyinib. Amma onlar mənim yetirmələrim deyildilər, komandaya əsgər kimi götürmüşdüm. Yaxşı kollektiv idi. MOİK-in baş məşqçisi olduğum vaxt futbolçulardan 2-si Azərbaycan millisinə, 7-si U-21 yığmasına yollanırdı. Mən, əsasən, 4 futbolçunu öz yetirməm sayıram.
- Kimləri və nəyə görə?
- Ceyhun Sultanov, Rəşad Sadıqov, Saşa Yunisoğlu və Vaqif Cavadovu. Çünki onları şəxsən yetişdirmişəm. Cavadov 4 ilədək mənim rəhbərliyim altında çalışdıqdan sonra Rusiyanın MOİK komandasına yollanıb. Yəni, baza biliklərinə yiyələndikdən sonra Moskvada inkişaf edib. Hərdən onun MOİK-in yetirməsi olduğuna dair fikirlər eşidirəm. Bizdə belədir: özününkünü qoyub, daha mötəbər şəxsin adını çəkməyi xoşlayırlar. Amma Cavadov hər yerdə "Mənim məşqçim Vaqif Paşayev olub" deyir. Sağ olsun! Mən bu futbolçuları asfaltda yetişdirmişəm. Halbuki indi süni örtüklü meydanların belə zərərli olduğunu deyirlər. Amma hazırkı süni örtüklü meydanlar o vaxtlar olsaydı, görün, yetirmələrim hansı aparıcı komandalarda forma geyinərdilər. Bununla belə, hamısı legioner həyatı yaşayıb. Rəşad Sadıqov Türkiyə Super Liqasında "Kayserispor", "Kocaelispor" və "Eskişehirspor" komandalarının formasını geyinib. Halbuki elə futbolçularımız var ki, hətta Türkiyə I Liqa komandasında əsas heyətə düşə bilmir. Ceyhun Sultanov İranın "Maşinsazi", Saşa Yunisoğlu Polşanın "Yagelloniya", Vaqif Cavadov isə Rusiya MOİK-indən əlavə, Hollandiyanın "Tvente", Rusiyanın "Volqa", Türkiyənin "Qaziantep BB" və "Boluspor" klublarında yer alıb.
- Onlar uşaqlıqda necə futbolçu idilər?
- Valideynləri həmişə mənə deyirdilər ki, bunlardan bir şey çıxacaq? Mən də "hə” cavabını verirdim. Rəşadın valideynləri, nənələri deyirdilər ki, biz inanmırıq. Ancaq mən inanırdım. Allah rəhmət eləsin Ceyhunun atasına, o də məndən soruşurdu ki, bundan bir şey çıxacaq? Doğrudan da onlar çox ağıllı, güclü futbolçular olublar. Bu, uşaqlıqdan görünməsə də, mən onu görürdüm. Hissiyatım mənə belə deyirdi. O vaxt SSRİ vaxtında, indi isə Avropada məşqçi futbolçulara yaxşısını seçir. Deyir ki, nə olsa, bundan olacaq. Bu, bəlkə də vergidir. Mən bu uşaqlarla fəxr edirəm. Onlar mənim işimi, əziyyətimi yerə vurmadılar. Fəxr edirəm ki, həmişə Azərbaycan futbolu üçün işləmişəm, işləyirəm də. Futbolda özümə nə ev almışam, nə də avtomobil. Avtomobili də mənə Rəşad Sadıqov hədiyyə edib. Allah canını sağ eləsin. Mənin üçün əsas nailiyyət uşaqları yetişdirməkdir. Sağ olsun yetirmələrim, mənim adını yüksəldiblər, Rəşada, Ceyhuna görə tanınmışam. 10 il dalbadal millinin kapitanları mənim futbolçularım oldu – Rəşad 8, Ceyhun 2 il. Sadıqov 2 il Şahin Diniyevin baş məşqçiliyi vaxtlnda millidən kənarda qalanda sarğı Sultanovda olub. Bundan yaxşı nə ola bilər ki? Fəxr etmək lazımdır.
- Futbolçu seçimini necə aparırdınız?
- Mən hər 4 ildən bir uşaq yığırdım. 1978-1979, 1982-1983, 1986-1987 təvəllüdlülər... 8 il ərzində hardasa 120 uşaq əlimin altından keçib. Amma yaxşı futbolçu kimi yetişənlər az olub. Halbuki hamıya eyni məşqi keçirdim. Çoxları deyir ki, istedadlı futbolçu anadangəlmə olur. Amma anadangəlmə 1-2 nəfər olar da... 4-ü olmaz ki?! Söhbət ondan gedir ki, nəticə çıxardım: Uşaqlara səhvini başa salandan sonra ikinci dəfə təkrarlamayıblar. Amma eyni səhvi 5-6 dəfə edənə ümidim yoxdur, ola da bilməz. Görünür, bir-birimizi başa düşmürük, ya da futbolu belə anlayır.
- Siz MOİK-də baş məşqçi vəzifəsində də çalışsanız da, bu, qısa çəkdi. Niyə?
- MOİK-in baş məşqçisi olduğum vaxt bəziləri mənə söz atdılar ki, Vaqif müəllim yaxşı məşqçidir, anca uşaq futbolunda. O, Premyer Liqa üçün məşqçi deyil. Hərçənd, MOİK-in tarixində ən yaxşı nəticəni mən vermişəm - 15 komanda arasında 8-ci yer. Həmin vaxt 9 futbolçum milli və olimpiya yığmalarında olub. Yəni, seleksiyanı düzgün eləmişəm. Fəxr edirəm ki, futbolumuz üçün nəsə eləmişəm. Həmişə ürəyimdə bir arzum olub ki, Avropada kuboklardan birini Azərbaycana gətirim. Ancaq "Vaqif Paşayev yaxşı uşaq məşqçisidir” söhbətini atanlar Premyer Liqada qapını üzümə bağladılar. Həmin adamlar məndən bəzi şeyləri xahiş edəndə, imtina etmişdim.
- Onlar kimlər idilər və nə xahiş edirdilər?
- Əşi, nə isə...
- Təklif etdikləri futbolçunu komandanıza götürməmisiniz?
- Çox şey olub, bu barədə danışmaq istəmirəm. Əsas odur ki, futbolçularım indiyədək oynayırlar. Rəşad istər "Qarabağ”da, istərsə də millidə oynamayanda açıq görünür ki, komanda oyunu o səviyyədə deyil. Demirəm ki, Sadıqov orda tək 11 nəfərin yerinə oynayır. Söhbət ondan gedir ki, Rəşad meydanda olanda komanda rahat oynayır.
- Ancaq Rəşadı çıxmaq şərtilə yetirmələriniz tez "sönüblər”...
- Məclislərin birində futbolçularıma dedim ki, 18 yaşında indiki kimi oynasaydınız, mən sizi qovardım. Mənimlə razılaşdılar. Niyə belə oynadıqlarının səbəbini soruşdum. Mən onlara qarşı çox ciddi idim. Demirəm ki, məndən qorxmalı idilər. Ancaq bir artıq hərəkət eləməyi buraxmırdım. İstər meydanda, istərsə də meydandan kənarda belə idim. Paltardəyişmə otağında artıq bir səs ola bilməzdi. Yetirmələrim işə məsuliyyətlə yanaşırdlar.
- MOİK-in baş məşqçisi olduğunuz vaxt qalib gələ bilmədiyiniz oyundan sonra paltardəyişmə otağında futbolçularınız dalaşırdılar, səsləri ətrafı bürümüşdü. Amma Siz həmin vaxt ora girməyərək dediniz: "Mən bunu etməsəm, yaxşıdır. Qoy, sakitləşsinlər. Oyundan sonra paltardəyişmə otağına girməyi xoşlamıram"...
- Futbolun "professor”u sayılan Boris Arkadyevin kitabında oxumuşam ki, futbolçular oyundan sonra çox həyəcanlı, psixoloji cəhətdən çox həssas olurlar. Həmin vaxt onlara bir söz desən, başqa cür başa düşüb cavab da qaytara bilərlər. Bundan sonra aranızda olan münasibəti bərpa etmək çox çətin olacaq. Bu, yaxşı sözdür və mən onun üzərində dayanıram. Komanda oynayandan sonra heç vaxt paltardəyişmə otağına girmirəm. Deyirəm ki, oyuna görə çox sağ olun, matç haqda sabah danışarıq. Bəzi məşqçilər oyundan sonra futbolçuların üstünə cumanda pis fəsadlar olur. Hətta bir dəfə futbolçunun həmkarlarımdan birinə cavab qaytararaq, "Məgər sən məşqçisən?" dediyinin də şahidi olmuşam. Bəlkə də sonra peşman olub. Ancaq bu sözü deyəndən sonra münasibət necə ola bilər?
- Kimə deyiblər?
- Ad çəkməsəm, yaxşıdır. Birini şəxsən özüm eşitmişəm. Halbuki oyunun ertəsi günü hamı sakit başla təhlil aparan zaman deyilən söz futbolçulara asan çatacaqdı. Bir də ki, mən heç vaxt futbolçuların üstümə qışqırmamışam. Onlarla insan dilində danışmışam. Bunu başa düşməyənlərə "yaxşı yol” söyləmişəm. Kiminsə üstünə qışqırmaq, söymək məndə heç vaxt olmayıb, olmayacaq da. Mən öz övladıma heç vaxt bunu deməmişəmsə, özgəsinin uşağına necə deyə bilərəm? Biz insanıq, səhv olmalıdır da. Hakim səhvi üzündən uduzduğumuz oyundan sonra gəlib ədalət təmsilçilərinə deyirəm ki, çox sağ olun. Mən hiss edirəm ki, sən bu səhvi bilərəkdən etməmisən. İkincisi də sən bir səhv etmisən, mənim futbolçum 101 səhv. Onda mən sənə nə deyim? Futbol çox çətin oyundur. Bir də görürsən ki, iki insan yola çıxanda mübahisə edir. 11 futbolçu bir yerə çıxanda nə ola bilər? Bu qədər adamı komanda halında idarə etmək çətindir.
- Baş məşqçisi olduğunuz "Sumqayıt”ın U-19 komandasında işləriniz necə gedir?
- Mən ilk iş günümdən nəticəni ikinci plana qoymuşam. Rusiyanın yeniyetmələr yığmasının baş məşqçisi, güclü mütəxəssislərdən olan Andrey Talalayevin yazısını oxuyuram. Yazır ki, "Barselona”da heç bir heç zəif azyaşlı futbolçunu uşaq komandasından kənarlaşdırmırlar. Onlar nəticəni yalnız əsas komandadan tələb edirlər. Hamı əsas komandaya futbolçu yetişdirmək üçün işləməlidir. Bu, hələ SSRİ vaxtından olub. Ola bilər ki, mən nəticə verim, komanda çempion olsun, ancaq bir futbolçu yetişdirməyim. Komandan qış fasiləsinə 7-ci yerdə çıxdı, ancaq 6 futbolçum əvəziedici heyətə getdi. Düzdür, orda uduzurlar, ancaq gec-tez əsas komandaya düşəcəklər.
- Komandanızın nəticəsinin zəif olması nə ilə bağlıdır?
- Əvəzedici komandadan çox futbolçu götürmək istəmirəm. Lazım olanda 1-2 nəfər. Ancaq elə komandalar var ki, bizə qarşı 9 əvəzedici futbolçu ilə oynayırlar. Nədir-nədir nəticə olsun. Birdəfəlik başa düşmək lazımdır ki, nəticə həmin 6 futbolçunun əvəzedici heyətə cəlb olunmasıdır. Hamı belə işləsəydi, hər məşqçi Rəşad Sadıqov versəydi, görün, Azərbaycan haralarda olardı. Versinlər də. 100 futbolçu yetişdirdim. Onsuz da hamıdan futbolçu olmur. Bizdə isə uşaq futbolunda nəticə önəmli olur. Kubok alır, gətirir prezidentin qarşısına qoyur. "Qəbələ”yə baxıram, çempionatda 100 faiz xal toplamaq olar. Ancaq futbolçu hanı? Yoxdur. Futbolçu var, gəlir "Sumqayıt”da oynayır. Ancaq öz klubunda oynamalı, orada yetişməlidir. Niyə kimin üçünsə futbolçu yetişdirməliyəm?
- Axı "Qəbələ”də də öz yetirmələri var...
- Nə qədər var?
- Məsələn, Ürfan Abbasov, Tellur Mütəllimov, Elvin Camalov...
- Olsun. Bir neçə nəfərdirlər. Biri var özün yetişirəsən, biri də var ki yaxşı məşqçilərdən alasan. Mən Ceyhun Sultanovu 9, Rəşad Sadıqovu 10 yaşından götürüb 18 yaşına çıxartmışam. Ancaq "Qəbələ” hazır futbolçuları alır və həmin komanda bizim uşaqlara qarşı oynayır. Onda nəticə necə olmalıdır? Ancaq onlardan sabah kim əsas komandada oynayacaq? "Qəbələ”yə Roman Qriqorçuk gəlib, nə olsun, legioner gətirib? Bizimki ondan güclüdürsə, o oynayacaq. Deməli, güclü deyil də. Niyə belə oldu? Rəşad Sadiqov, Cavid Hüseynov əsas komandada oynasalar da, "Qəbələ”nin yetirməsi deyillər ki... Aşağı yaş komandaları nəticə verəndən sonra futbolçusu daha çox olmalıdır. "Qəbələ”nin U-19 komandasının Moskva "Dinamo”su ilə avrokubok sınağı nə göstərdi – burda 0:2, səfərdə 0:5 hesablı məğlubiyyət. Hələ "Dinamo” "Ayaks”, "Barselona” kimi güclü komandalardan deyil. Onlar düşsəydi, nə olardı? Biz Azərbaycanda nəticə veririk, ancaq yuxarı səviyyəyə çıxanda problem olur. Sistemi dəyişmək lazımdır. Çempion olanda baş məşqçidən soruşmaq lazımdır ki, kimi yetişdirmisən? Bunu mən daxil omaqla bütün məşqçilərdən soruşmaq lazımdır. Heç kəsi yetişdirməmisənsə, sən nə etmisən? Çempion olmusan? Bu, lazım deyil, sən uşaqlarla işlədiyindən, futbolçu yetişdirməlisən. Niyə əsas yığmaya futbolçu verməmisən? Niyə Robert Prosineçki kənardan hansısa futbolçunu götürməlidir?
- Son illərdə yetişdirdiyiniz yüksək səviyyəli futbolçular gözə dəymir. Bu, Azərbaycanda futbolçularının səviyyəsinin azalması ilə əlaqədardır, yoxsa...?
- İndiki uşaqlarla o vaxt yetişdirdiyim futbolçular fərqlidirlər. Mən həmişə onlara deyirəm ki, siz elə bil 3-cü paraleldən gəlmisiniz. Ya yeməkləri zəifdir, ya da... Mən onlara deyirəm ki, siz mütləq 8 saat yatmalısınız. Heç kəs bilmir ki, yemək nə vəziyyətdədir. Uşaqlarda güc, həmin istək yoxdur, düşüncə çox zəifdir. O cəsurluq bizdə var idi, bunlarda yoxdur. Bilmirəm, bu, evdən gəlir, ya yox. Rəşadla, Ceyhunla işləyəndən sonra bu uşaqlarla işləmək mənə çox çətindir. Bir sözü nə qədər demək olar? Bir səhvi nə qədər təkrarlamaq olar? Balaca uşaq hiss edir ki, qazan istidir, ona daha dəymir. Bəs siz bunu yenidən edirsiniz? Mən özümə deyirəm ki, belə uşaqlarla işləməklə özümə qarşı çox hörmətsizlik edirəm. Uşaqlar çox pis vəziyyətdədirlər. Uşaq futbolunda əsas problem ilk nöbvədə, nəticəni düşünməyimizdir. Rəhbərlik bunu istəyir. Nəticə olan yerdə futbolçu yetişməyəcək. Görürəm ki, futbolçuya məşqçisi kənarda hara ötürmə etməli olduğunu deyir. Onda bu, robot olur, öyrəşir. Sabah 100 minlik stadionda baş məşqçisinin səsini eşitməyəcək. Onda nə edəcək? Topu qəbul edəndə hara ötürmə verməli olduğunu axtaracaq. Futbolçu meydanda tez qərar verməlidir. Bunun üçün üzərində çox işləməlidir. İnsanın həyatda da düşüncəsi işləməlidir.
- Belə başa düşdük ki, "Sumqayıt”da gələcəyinə ümid bəslədiyiniz futbolçu yoxdur...
- Yox, niyə ki? Var yaxşı futbolçular. Mən çox uşağa ümid edirəm.
- Kimlərin adını çəkə bilərsiniz?
- Mən onların adlarını çəkməyəcəyəm. Çünki bunu etmək düzgün deyil. Məsələn, U-17 komandamızdan milllidə 4-5 futbolçu var. Əsas komandamızın 5-ci yerdə olması, Avroiqada vəsiqə verən pillədə olması elə-belə nəticə deyil.
- Orda neçə yetirməniz var?
- "Sumqayıt”ln yetirmələri var. Mən öz yetirməm deyə bilmərəm. Nicat Muxtarov "Sumqayıt”ın yetirməsidir. Burdan "Simurq”a getmişdi. Ancaq məndə əvəzedicilərdə oynamışdı. Eləcə də Xəyal Nəcəfovla Bəxtiyar Həsənalızadə. Hamı bilir ki, Fərhad Vəliyev Sumqayıt futbol məktəbinin yetirməsidir. Hesab edirəm ki, "Sumqayıt”dan gələcəkdə millidə oynayan futbolçular çıxacaq. Olimpiya yığmamızda bir neçə futbolçumuzun olması az göstərici deyil. Belə götürəndə, "Sumqayıt” 6 ildir Premyer Liqadadır. Futbol Akademiyamız son 4 ildə - stadion tikiləndən sonra aktiv fəaliyyətə başlayıb. Görürəm ki, "Sumqayıt”da iş normal gedir, heç bir problem yoxdur.
- Klub prezidenti Kamran Quliyev uşaq futboluna nə dərəcədə diqqət ayırır?
- Ondan, uşaq futbolu üzrə koordinatordan nəsə istəyəndə heç kəs mənə deməyib ki, bu, mümkün deyil, alınmır. Kamran müəllimlə futboldan danışmaq olar. Özü də uşaqlıqda futbolla məşğul olub, oynayıb. Sonra gedib oxumağa. Prezidentimiz AFFA-da uşaq futbolu departamentinin rəisi idi. Bu, elə-belə vəzifə deyil. Yadınızdadır, 1995-ci il təvəllüdlülər necə futbolçular idi. Onların hamısını Kamran Quliyev yığıb. Rəhbərlə bir dillə danışmaq lazımdır – futbol dili ilə. Kamran müəllim çox tələbkar insandır. O xoşlamır ki, kimsə işə elə-belə gələrək vaxtını keçirsin. Bu, mümkün deyil. Mən də ömrü boyu belə olmasını xoşlamışam. Mənə kimsə baxmamlıdır ki, məşq keçirəm, ya yox. Mən elə-belə vaxt keçirə bilmərəm. Məşq keçmişəmsə, uşaq 0,1 faiz də olsa, qabağa getməlidir, nəsə öyrənməlidir. Quliyev klub üçün hər şeyi edir. Başqa klublarda pul olmayanda, biz maaşı həmişə vaxtında almışıq. Mən bu klubda 6 ildir çalışıram. Başqa yerə gedə bilərdim də. Məgər məni başqa klublar çağırmırlar? Mən hər gün Bakldan Sumqayıta gəlirəm. Görürəm ki, prezidentimizlə futboldan söhbət edəndə bir-birimizi çox yaxşı başa düşürük. Aramızda subordinasiya var, ancaq biz bir dost kimiyik.
- Vaxtilə futbolçuları asfaltda yetişdirmisiniz, indisə süni örtükdə. Belə meydanlar futbolçulara necə təsir göstərir?
- Çox söhbətlər gedir ki, futbolçular süni örtükdə zədə alırlar. Ancaq şəxsi fikrim belədir ki, bu, özlərinə baxmamaları ilə əlaqədardır. Rəşad Sadıqovun bir yaxşı sözü var ki, biz peşəkar futbolçu deyilik. Peşəkarlıq başqa şeydir.
- Uşaqda necə peşəkarlıq ola bilər? Bu meydançalar uşaqların yetişməyinə mane ola bilər...
- Mən süni örtüklü meydana çıxıramsa, buna uyğun butsum olmalıdır. Bilməliyəm ki, bu qazonda necə oynamalıyam, nə ola bilər. Asfaltda oynayanda top tullanır. Azərbaycanda təbii örtüklü meydançalar çox azdır. Top tullanaraq gedir, futbolçu bilmir ki, topa baxsın, yoxsa başını qaldırıb meydana. Süni qazonların ən böyük üstünlüyü meydanın düz olmasıdır. Uşaqlara ilk növbədə öyrətmək lazımdır ki, başı aşağı baxmasın. Qorxmasın ki, top birdən qaçar, kəsəyə dəyər. Həmişə deyirəm, necə ola bilər ki, asfaltda heç bir futbolçumun beli ağrımırdı? Asfalt bərkdir, yoxsa süni qazon? O dövrün uşaqları vaxtında yeyirdilər, 8 saat yatırdılar, hər şeyi vaxtında edirdilər. Geyimləri elə də yox idi, ancaq yemək həmişə vardı. Uşaqlarda sözü götürüb-götürməmək söhbəti var. Məşqçi bilməlidir ki, 20 nəfərlik komandasında neçə belə futbolçu var, onlara diqqət yetirməldiir. Rəşad Sadıqov 18 yaşı olanda heç kəs inanmadı ki, bu, 14 yaşı olandakı uşaqdır. Deyirdilər ki, o uşaq çox zəif idi. Kim tez inkişafa başlayır, tez də sönür. Mənim yadıma gəlmir elə futbolçu ki, uşaq yaşından sonadək güclü oynasın. Uşaq 15-16 yaşına çatanda onda kişiləşmə prosesi başlayır. Çox uşaq burda itir. Bu zaman onun qarşısında 5 yol olur: futbol, məhlə, sevgi, pis yol və təhsil. Məşqçi bu zaman hər şeyi etməlidir ki, onu düzgün yola çəksən.
- Necə etmək lazımdır ki, yeni sadıqovlar yetişsin?
- Bunun üçün böyük iş görmək lazımdır. Uşağa qarşı ata kimi də olmalısan, müəllim kimi də. Əsas pedaqoq, psixoloq olmalısan. Məşqçi müəllim olmasa, futbolçu yetişdirə bilməz. Rəşad Sadıqov çox mərd oğlandır. Bir dəfə düz hərəkət etməsəm, onu üzümə deyər. Elə uşaq da var, məşqçinin dediyi vecinə deyil. Çoxları deyir ki, məşqçiliyə nə var, əlinə fit götür, 20 nəfərə məşq keç. Ancaq 11 nəfəri bir yumruq kimi birləşdirmək asan məsələ deyil. Klaudio Ranyeriyə fikir ver. Necə ola bilər ki, onun komandası ötən mövsün çempion oldu, indisə zəif nəticələrə görə vəzifəsindən çıxartdılar. Deməli, orda kimlərsə özünü yuxarıdan aparır ki, biz çempionuq. Nə olsun ki? İndi ayılıblar ki, çempionatın yarıdan çoxu gedir, biz isə aşağı pillələrdəyik. Bu, artıq psixologiya ilə bağlıdır. Sən niyə demirsən ki, biz gələn mövsüm də çempion olmalıyıq. Bizdə uşaqlardan soruşursan ki, böyüyəndə harda oynamaq istəyirsən? Deyir ki, "Bavariya”da. Sonra soruşanda ki, niyə getmədin, deyir ki, ailəni qoyum hara gedim? Hamıda ailə var da, niyə getmirsiniz? Ona görə ki, xaricdə çox işləmək lazımdır. Orda elə-belə pulu heç kəs sənə verməyəcək. Buna görə insanla işləmək həmişə çox çətindir.