"Rəqibi və baş məşqçisini təbrik edirəm. Onlar yaxşı və gözəl qələbə qazandılar".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "Kəpəz"ə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransında deyib. 52 yaşlı mütəxəssis Gəncə təmsilçisinin üstün oyun sərgilədiyini etiraf edib: "Bu gün rəqib bizdən güclü oldu. Bu matç mövsümdə yeganə görüşdür ki, oyuna görə də rəqibə uduzduq. Bunu qəbul edib, analiz aparmaq, nəticə çıxarmaq lazımdır. Cari mövsümdə belə halla üzləşməmişdik".
Qriqorçuk bildirib ki, məğlubiyyətin səbəblərindən biri komandasının psixoloji, emosional cəhətdən hazır olmamasıdır: "Bu durum qələbə üçün kifayət deyildi. Başa düşürdük ki, bizə yalnız qələbə lazımdır. Bəlkə də bu üzdən müəyyən qədər oyun alınmadı. Həm də "Kəpəz”in günü idi. Onlar sürətli, mübariz, həvəsli oynayırdı. Mövsümün gedişində hakimliklə bağlı problemlər olsa da, son matçlar da belə halla üzləşməmişik. Meydan ən yaxşı durumda olmada da, o qədər də pis vəziyyətdə deyil ki, orda oynamaq olmasın. Uduzmağımız üçün bunlar səbəb deyil".
Bir sıra futbolçuları meydana buraxmamasına toxunan baş məşqçi heyətlə bağlı hər hansı səhv etmədiyini və ya bu addıma təəssüflənmədiyini vurğulayıb. O, heyəti analizlər əsasında müəyyənləşdirdiklərini söyləyib: "Ən hazırlıqlı oyunçuları matça buraxmışdıq. Oyunun sonlarında yaşanan ikitərəfli hücumlarla zəngin futbol azarkeşlərə maraqlı gəlsə də, mən bunu xoşlamıram”.