
"Bakı" klubunun sabiq baş məşqçisi Bojidar Bandoviç Tailandın "Buriram" komandasına çempionluq qazandırıb. Sportnet.az-ın məlumatına görə, bu, sona 2 tur qalmış rəsmiləşib.
32-ci turda "Tero Sasana"nı 4:0 hesabı ilə yenən "Buriram" ən yaxın izləyicisi "Muanq Tonq" üçün əlçatmaz olub. Bandoviçin komandası tarixində 6-cı dəfə Tailand çempionu titulu əldə edib. Monteneqrolu mütəxəssis 2014-cü ildə də bu klubda çalışıb. O, 2016-cı ildə "Buriram"a texniki direktor kimi qayıtsa da, bu ildən baş məşqçi postunda çalışmağa başlayıb.
Qeyd edək ki, Bojidar Bandoviç 2012-ci il iyulun 19-dan 2013-cü il mayın 20-dək "Bakı"nın baş məşqçisi olub. O, komandanı Azərbaycan Kubokunda yarımfinala çıxarıb.