Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Futbolumuzun tarixi: heç kim və heç nə unudulmur" layihəsinin icrasını davam etdirir. Altıncı mövzumuz 1995/1996 mövsümündə Azərbaycan Premyer Liqasının şərikli bombardirləri ilə bağlıdır. Fazil Pərvərovan sonra bu dəfə Rövşən Əhmədovla müsahibəni təqdim edirik.
Onunla iş vaxtı zəngləşdim. Məlum oldu ki, hazırda tikintidə çalışır, söküntü işi ilə məşğuldur. Açığı, çox duyğulandım. Yanlış anlaşılmasın, fəhləlik də qürur duyulacaq peşələrdən biridir. Burada söhbət futbola sözünü demiş bir şəxsin indi tam bir sahədə çalışmasından gedir. Hər halda, həmsöhbətim kimi adamlar yaxşı bildikləri işin qulpundan yapışmaqla cəmiyyətə üçün dah faydalı ola bilərlər...
"1968-ci il yanvarın 18-də Gəncədə doğulmuşam. Mən də Kostya dayının yetirmələrindənəm. Lakin ilk müəllimim Yaqub müəllim olub, 8 yaşında futbola başlamışam. 1979-cu ildən Konstantin Abramenkonun yanına getdim”, - Əhmədov futbol həyatının başlanğıcını xatırlayır.
- "Kəpəz”ə gəlişiniz necə oldu?
- Gəncəli uşaqların bir çoxunun futbol həyatı bu cür başlayıb. Əvvəl Abramenkonun "Lokomotiv”ində çıxış etmişik. Daha sonra ən yaxşılar "Kəpəz”ə seçiliblər. Lakin 1986-cı ildə Sergey Kramarenkonun vaxtında "Kəpəz”ə cəlb olunana qədər Gəncədəki qənnadı fabrikinin komandasında çıxış etdim. "Kəpəz”ə gələndən 3 ay sonra əsgərliyə yollandım. 1989-cu ildə hərbi xidmətdən qayıdandan sonra yenə "Qənnadçı”da 2 ay çıxış etdim. Komanda ölkə birinciliyində mübarizə aparırdı. Yarımfinalda Qaxın komandası ilə qarşılaşırdıq, 3 qol vurdum. Oyunu izləyənlər arasında indi də AFFA-da işləyən Məlik Həsənov da vardı. Onlar təklif etdilər ki, məni yenidən "Kəpəz”ə götürsünlər. 1991-ci ildək Gəncənin əsas komandasının formasını geyindim. Sonra SSRİ dağıldı, müstəqil olduq. Lakin çempionatda bir az durğunluq yarandı, necə olacağı bilinmirdi. Həmin vaxt qapıçılarla işləyən məşqçimiz vardı – Zahid Hüseynov. Məni də özü ilə "Turan”a apardı. Tovuz komandasında 4 il oynadım, xeyli qol vurdum. 1993/1994 mövsümündə ölkə çempionu olduq. Lakin yayda "Kəpəz”ə qayıtdım, avrokubokda "Fənərbaxça” ilə matçlarda iştirak etmədim.
- "Turan”dan niyə ayrıldınız?
- Müqaviləmin müddəti başa çatdı, Gəncəyə qayıtdım. Gələn kimi də çempion olduq. 1995/1996 mövsümündə bürünc medal qazanmaqla bərabər, Fazil Pərvərovla hərəyə 23 qol vurduq, bombardirlik yarışında hamını qabaqladıq.
"14 qolun yarısını mən vurmuşdum”
- Bombardirliklə yanaşı, maraqlı göstəriciləriniz var. Məsələn, Fazil Pərvərovla birgə çempionatda bir oyunda ən çox qol vuran futbolçu ünvanına sahibsiniz...
- Hə, 1996/1997 mövsümündə "Şəmkir”i 14:2 hesabı ilə məğlub edəndə, qolların yarısını mən vurmuşdum. Yaxşı vaxtlar idi.
- Səhv etmirəmsə, "Turan”da yarımmüdafiəçi ampulasında çıxış edirdiniz. Ona görə qollarınızın sayı nisbətən az idi?
- Xeyr, orda da çox qol vurmuşam. Sonradan heyət gücləndirildi. Çempion olduğumuz mövsümdə Kazbek Tuayev məni yarımmüdafiənin cinahında oynadırdı. Hücumda isə Qurban və Musa Qurbanov qardaşları çıxış edirdilər. Çox güclü heyətimiz vardı.
- Lakin əsas uğurlarınız "Kəpəz”lə bağlıdır. Bu, özünüzü Gəncədə daha yaxşı hiss etməyinilə bağlıdır?
- Əlbəttə, doğulduğun şəhərin komandasında oynamaq tam başqa hisdir. Həmişə "Kəpəz” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam, sözün əsil mənasında meydanda döyüşmüşəm. Təsadüfi deyil ki, doğma komanda ilə həm çempion oldum, həm kubok qazandım. Xeyli qol vurdum.
"Bu cür göstəricilərimə görə xatırlandığım üçün qürur duyuram”
- Azərbaycan çempionatlarının ən yaxşı bombardiri 183 qolla Nazim Əliyevdir. İkinci yerdəki Müşfiq Hüseynovun 125 qolu var. Siz isə 116 qolla üçüncü sıradasınız. Üstəlik, Premyer Liqada 290 oyun keçirmisiniz ki, bu göstərici ilə 21-ci yerdəsiniz...
- Bu cür göstəricilərimə görə xatırlandığım üçün qürur duyuram. Bəlkə də indiki vaxtda oynasaydım, daha çox qol vurardım.
- "Kəpəz”dən sonra karyeranız necə davam etdi?
- 1997-ci ilin yayında Kuboklar Kubokunun təsnifat mərhələsində Latviya "Dinaburq”u ilə qarşılaşdıq və hər iki qarşılaşmada 0:1 hesabı ilə uduzduq. Ondan sonra "Viləş”ə keçdim. 2001-ci ildə 3-cü yeri tuduq. İntertoto Kubokunun təsnifat mərhələsində İslandiyanın "Qrindavik” komandası ilə düşdük və hər iki matçda uduzduq (0:1, 1:2). Ondan sonra yenə qayıtdım "Kəpəz”ə. Həmçinin "Şəmkir”in formasını geyindim, 6 ay "Neftçi”də icarədə oldum.
- 2005/2006 mövsümündə I divizonda mübarizə aparan "Göygöl” də çıxış etmisiniz...
- Hə, komanda Premyer Liqaya vəsiqə qazanıb, "Qəbələ”yə köçdü. Lakin baş məşqçi Faiq Cabbarov mənimlə Fazil Pərvərovu heyətdə saxlamadı. Halbuki, həmin mövsüm hamıdan çox – 20 qol vurmuşdum. Ondan sonra da futbolçu kayeramı başa vurdum. Çünki artıq 38 yaşım vardı.
- Karyeranızı bitirən kimi məşqçiliyə başlasanız da, bu sahədə qalmamağınızın səbəbi nədir?
- Bəli, futbolçu karyeramı başa vurandan dərhal sonra Samuxda "Şəfəq” komadası yarandı, ora dəvət aldım. Lakin cəmi bir mövsüm işlədim, sonra baxan olmadı deyə, klub dağıldı. Ardından Gəncənin bir neçə komandası ilə həvəskarlar liqasında baş məşqçi kimi işlədim. "Kəpəz” və "Xəmsə” ilə kubok qazandıq. Arada "Naftlan” klubu ilə həvəskarlar liqasında da oynadım. İndi də arada veteranlarla yığışıb oynayırıq. Amma bu sahədə bizə iş verən yoxdur. Ailəni saxlmaq üçün məcbur qalıb başqa işlərlə məşğul oluram.
"Futbol kitabda yazılanı əzbərləmək deyil”
- Heç iş üçün "Kəpəz”ə müraciət etmisiniz?
- Təxminən, 4-5 il qabaq Mehman Allahverdiyevin yanına getdim. U-12 komandasın verdi. Mən isə nisbətən böyüklərlə işləmək istəyirdim. Ona görə də razılığa gələ bilmədik. Şahin Diniyev gələndə də götürmədilər. Dedilər lisenziyan olmalıdır. Məndə də yoxdur. Milli üzvlərinə avtomatik "C” kateqoriyası verilir. Lakin mən yalnız yoldaşlıq matçında iştirak etdiyim üçün ala bilmirəm. Bilirsiniz, bu düzgün yanaşma deyil. Yoldan keçən oxuyub, məşqçi işləyir. Mənim kimi futbol oynayanlar qıraqda qalır.
- Nə yaxşı lisenziya almaq üçün AFFA-nın təşkil etdiyi kurslara yazılmırsınız?
- Təxminən 3 il əvvəl getmişdim, amma imtahandan kəsildim. Aslan Kərimov dedi ki, 5-6 sualın cavabın yazmamışam deyə, lisenziya düşmür. Nə edim, yaş ötür, əvvəlki yaddaş qalmayıb axı. Nəzəriyyəni yaxşı bilməsəm də, futbolu bilirəm. Özü də, məni kursa AFFA-nın baş katibi Elxan Məmmədov yollamışdı. Ancaq lisenziya vermədilər. İstəsələr, kömək edə bilərlər. Axı, mən futbolu bilirəm. Futbol kitabda yazılanı əzbərləmək deyil.
"Yəqin Şahin Diniyevə daş atmışam, o da götürməyib”
- Bəs, bu müddətdə ailənizi necə saxlamısınız?
- Heç nə, fəhləlik etmişəm, indi də elə məşğuliyyətim fəhləlikdir.
- Səhv etmirəmsə, əvvəl taksi sürürdünüz...
- Bəli, maşınım olanda taksi kimi fəaliyyət göstərirdim. İndi maşın yoxdu deyə, tək qazanc yeri fəhləlikdir.
- Hazırda harada işləyirsiniz? Konkret olaraq nə edirsiniz?
- Fəhləlikdi də, nə olsa, edirəm. Məsələn, dost-tanış deyir orda malyar işi var, gedirəm. Düşəndə 3-5 manat alıram, iş olmayanda da evdə otururam. Hazırda tikintidəyəm, söküntü işləri görürəm.
- Dəmirçi sexində də işlədiyinizi eşitmişdim...
- Orda da iş olanda çağırırlar. Yəni, daimi deyil, vəziyyətdən asılıdır. Fürsətdən istifadə edib vaxtı ilə mənimlə birgə oynayan
Emin Mustafayev, Firuz Qulami və Ceyhun Tanrıverdiyevə təşəkkür edirəm. Onlar hər zaman mənə mənəvi və maddi cəhətdən dəstək olublar.
- Övladlarınızdan sizin yolunuzu davam etdirən var?
- Hə, oğlum Asif "Şəmkir”də, "Bakılı”da və "Kəpəz”də oynadı. Amma Şahin Diniyev gələndə "Kəpəz”ə götürmədi. Dedi kimi istəyirəm, onu heyətə cəlb edəcəm. Yəqin Şahinə daş atmışam, o da götürməyib.
- Hazırda oynamır?
- Xeyr. Futbolda alınmadı.
- İndi "Kəpəz”də dəyişikliklər baş verib. Baş məşqçi postuna Yunis Hüseynovu gətirdilər. Yenidən iş üçün müraciət edə bilmərsiniz?
- Mən də başa düşürəm, gedib desəm, onlar da məşqçi kateqoriyası istəyəcək. Çünki hazırda tələb belədir, əvvəlki vaxt deyil. Kateqoriyam isə yoxdur. Həm kateqoriya almaq üçün 500-600 manat ödəniş etmək lazımdır. Günü 5-10 manata işləyən adamam, həmin pulu hardan tapım? Gərək klub öz hesabına məni oxutdura.
"Kəpəz”in nəyinə baxım, ancaq uduzurlar”
- "Kəpəz”in oyunlarına gəlirsiniz, yoxsa futboldan küsmüsünüz?
- Gəncə futbolundan küsmüşəm. "Kəpəz”in nəyinə baxım, ancaq uduzurlar. "Qarabağ”, "Qəbələ” və "Sumqayıt”la oynayanda gedib izləyirəm. Qalanlarına marağım yoxdur. İndi Yunis gəlib, ola bilər ki, vəziyyət düzəlsin.
- Vaxtı ilə bir yerdə oynadığınız Qurban Qurbanov indi Avropada belə adından söz etdirir. Üstəlik, milli komanda da ona həvalə olundu. Onunla münasibətiniz var? Bəlkə sevimli peşənizə dönməyə sizə köməyi dəyə bilər...
- Onun uğurları hər bir azərbaycanlı kimi məni də sevindirir. Qürur duyuram, böyük işlər görür. Qurbanla yanaşı, köməkçiləri Müşviq Hüseynov və Elxan Həsənovla da bir yerdə olmuşam. Salam-kəlamımız var. Köməyə gəlincə, bu, bir az çətin məsələdir. Gəncə futbolunda olanlar mənə kömək etmirlərsə, qırağa necə ağız açım? Üzüm gəlmir...
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir