"Sumqayıt"ın qapıçısı Fərhad Vəliyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Qarabağ"a 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Matç və aldığınız qırmızı vərəqə barədə nə deyə bilərsiniz?
- Son dəqiqələrdə Pedro Enrike mənimlə təkbətək qaldı. İstədim ki, çıxıb topu uzaqlaşdırım. Həmin epizodda o məni aldatdı. Həm onu yıxdım, həm də topa toxundum. Düşünürəm ki, düzgün qərar verildi. Qolum Pedronun ayaqlarına dəydi.
- Bu nəticəni "Sumqayıt" üçün müsbət saymaq olar?
- Kubokda səfər matçında 1:2 hesabı ilə uduzmaq pis nəticə deyil. Özü də "Qarabağ" kimi bir komandaya. Evdəki matça hazırlaşacağıq. Yaxşı hazırlaşıb, rəqibi keçmək olar.
- Yarımfinal real görsənir?
- "Qarabağ"la oyunumuz heç alınmırdı. Amma bu dəfə pis çıxış etmədik. Cütün qalibi evdə bilinəcək.
- Evdə "Sumqayıt"ın üstünlüyü nə olacaq?
- Evdə güclü komandalara qalib də gəlmişik, xal da qoparmışıq. Azarkeşlərimiz də bizi tək qoymayacaqlar. Bütün stadion dolacaq. Sona kimi mübarizə aparacağıq.
- Həmin görüşdə qapıda gənc həmkarınızı dayanacaq. Onun da oyun praktikası azdır...
- Əlbəttə, o da yaxşı qapıçıdır. Özünü yaxşı tərəfdən göstərmək üçün şansdır. Komandaya köməyi dəyəcək.
- Çempionat yarılanıb. Hazırkı nəticəni "Sumqayıt" üçün uğurlu saymaq olar?
- Keçmişə baxanda, saymaq olar. Dördüncü yer pis nəticə deyil. İkinci dövrədə çox komandalarla evdə oyunumuz var. Daha çox xal toplaya bilərik.
- Qışda heyətinizə daha çox futbolçu cəlb edilməsinə ehtiyac var?
- Buna məşqçilər cavab verə bilər. Cavid İmamverdiyevlə Cavid Tağıyev də zədəlidir. Onlar da komandaya qoşulandan sonra daha yaxşı olacaq. Transfer məsələsi barədə rəhbərlik və məşqçilər qərar verir.