"Qarabağ"ın futbolçusu Yakub Jezniçak "Sumqayıt"la Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə də kobud səhvə yol verib. Sportnet.az-ın məlumatına görə, polşalı müdafiəçi səfər matçının 22-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Kamal Mirzəyevin fərqlənməsinin səbəbkarı olub.
O, qapı qarşısına ötürmədən sonra topu uzaqlaşdırmaq əvəzinə ayağından buraxıb. Nəticədə Mirzəyev yaxın məsafədən "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin qoruduğu qapıya dəqiq zərbə endirib. Hazırda "Sumqayıt" bu qol sayəsində hesabda irəlidədir - 1:0.
Qeyd edək ki, dekabrın 11-də "Azərsun Arena"da keçirilmiş ilk görüşdə də Yakub Jezniçak kobud səhvə yol verib. O, 23-cü dəqiqədə komanda yoldaşına ötürmə etmək istədiyi vaxt "Sumqayıt"ın yarımmüdafiəçisi Rəşad Eyubov topu ələ keçirərək, uzaq məsafədən dəqiq zərbə ilə hesabı açıb. Lakin sonradan "Qarabağ" əzmkar qələbə qazanıb - 2:1.