Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Qəbələ"yə 2:4 hesabıyla məğlub olan "Səbail"in qapıçısı Emil Balayev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, o, öncə oyun haqda fikirlərini söyləyib:
"Komanda meydana mübarizə aparmaq üçün çıxdı. İlk dəqiqələrdən bunun üçün çalışırdıq. Hesabı da biz açdıq. Sonra tez qol buraxdıq. Buna görə biraz ruhdan düşdük. Toparlana bildik və ikinci hissəyə də yaxşı başladıq. 3-cü qol bizim ümidlərimizin üstündən xətt çəkdi. Komanda üzvlərindən hər kəs yaxşı çıxış etmək üçün çalışdı".
- Bu gün bu hesabla məğlub olmağınıza əsas səbəb nə idi?
- Mən səbəbləri dəqiq deyə bilmərəm. Bunu baş məşqçi daha yaxşı bilər. Oyunçuların səviyyə fərqini deyə bilərəm. Biz cəmi 5-6 aydır bir yerdə oynayırıq. "Qəbələ” isə neçə ilin komandasıdır. Stabil komandadır. Avropa Liqasında da çıxış edib. Səviyyə fərqi öz sözünü dedi.
- Birinci qolda Ozobiçin zərbəsini görmədin? Top üstünə gəlirdi və qol oldu.
- İndi epizod yadımda deyil. Həmin anın təkrarına baxacam. Zərbə yaxşı zərbə idi.
- "Səbail”in fasiləyə qədər olan çıxışını necə dəyərləndirirsən?
- Biz hər zaman çalışdıq ki, hər bir komanda ilə mübarizə aparaq. Çempionat başlayanda da sübut etdik ki, bizi məğlub etmək asan deyil. Debütant olmağımıza baxmayaraq, hər bir komandaya qarşı yaxşı oyun sərgiləyə bilirik.
- Qışdan sonra əksər komandaların güclənəcəyi gözlənilir. Fasilədən sonra komanda son pillələrə enər?
- Başqa komandalar güclənəcəksə, bizim də rəhbərlik və məşqçilər korpusu bu barədə tədbir görəcək. O planlar barədə xəbərdar deyiləm. Komandanın müsbət və mənfi cəhətləri qış fasiləsindən sonra bilinəcək.
- Milli komandanın fevralda Gürsüstanla yoxlama matçı olacaq. Qurban Qurbanovun da ilk oyunu olacaq. Bu barədə nə deyə bilərsən?
- Çempionat və kubok oyunları davam edirdi. Hər bir futbolçunun borcudur ki, millinin şərəfini qorusun. Bununla hər kəs fəxr etməlidir. Çağırılsam da, çağırılmasam da məşqçinin fikirinə hörmətlə yanaşaram. Onlar bizim işimizə qiymət verir. Bu seçimə hörmətlə yanaşmalıyıq.