AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin yeni sədri Nailə Rüstəm-zadənin kimliyi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, N.Rüstəmzadə Gənclər və İdman Nazirliyinin Dopinqə Qarşı Mübarizə Sektorunun müdiri vəzifəsində çalışmış İradə Rüstəmzadənin qızıdır.
O, 2006-cı ildə Qərb Universitetinin "Beynəlxalq hüquq" fakültəsini başa vurub və bir müddət Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyində müxtəlif vəzifələrdə çalışıb. 11 mart 2016-cı ildə keçirilmiş AFFA İcraiyyə Komitəsinin iclasında N.Rüstəm-zadə Oyunçuların Statusu və Transferi Komitəsinin üzvü seçilib. Həmin vaxt sədr olan Rəmiş Malıyevdən əlavə, komitədə Musa Qurbanov, Zamiq Hüseynov və Orxan Hüseynzadə də yer alıb. Lakin R.Malıyev hazırda "Keşlə"nin icraçı direktoru vəzifəsində çalışdığından, komitə sədri vəzifəsindən istefa verib. Qurbanov "Zaqatala", Hüseynzadə "Neftçi" klubunun prezidentidir, Zamiq Hüseynov isə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin sədridir. Görünür, bu məqamları nəzərə alan AFFA İcraiyyə Komitəsi Oyunçuların Statusu və Transferi Komitəsində sədr postunu N.Rüstəm-zadəyə həvalə etməyi məqsədəuyğun sayıb.
Qeyd edək ki, İradə Rüstəmzadə 2006-cı ilin sonlarından 2016-cı ilin oktyabrınadək Gənclər və İdman Nazirliyinin Dopinqə Qarşı Mübarizə Sektorunun müdiri vəzifəsində çalışıb. O, vəzifəsini bu sektor ləğv olunduğu üçün itirib. Əvəzində Azərbaycan Milli Anti-Dopinq Agentliyi yaradılıb.