Futzal üzrə Azərbaycan milli komandası Sloveniyanın paytaxtı Lyublyanadakı Avropa çempionatında 1/4 final görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib Portuqaliya yığması olub.
Bu komandalar tarixlərində 12-ci dəfə üz-üzə gəliblər. Əvvəlki 11 qarşılaşmadan 8-də Portuqaliya qalib gəlmiş, 3-də isə heç-heçə qeydə alınmışdı. Azərbaycan millisinə ən yaxşı nəticələr göstərdiyi vaxtlarda - 2010-cu il Avropa çempionatının yarımfinal matçında penaltilər seriyasında, 2016-cı il dünya çempionatında isə 1/4 final oyununda 3:2 hesabı ilə qalib gələn pireneylilər mane olmuşdular.
Bu dəfə də Azərbaycan millisinin qarşısını Portuqaliya kəsib. Hesabı ilk dəqiqənin tamamında milliləşdirilmiş legioner Eduardo açsa da, pireneylilər dalbadal 8 qol vuraraq, böyük hesabla qalib gəliblər - 8:1. Qollardan 4-nün müəllifi rəqib komandanın kapitanı Rikardinyo olub. Portuqaliya yarımfinalda Rusiya ilə qarşılaşacaq.
Digər yarımfinalda isə Qazaxıstan Ukrayna - İspaniya matçının qalibini sınağa çəkəcək.
Qeyd edək ki, qrup mərhələsində Portuqaliya yığması Rumıniyaya 4:1, Ukraynaya isə 5:3 hesabı ilə qalib gələrək, 1-ci pillənin sahibi kimi 1/4 finala yüksəlib. Azərbaycan millisi Fransanı 5:3 hesabı ilə yensə də, İspaniyaya 0:1 hesabı ilə uduzub və qrup ikincisi kimi mərhələ adlayıb.
Avropa çempionatı
1/4 final
6 fevral
21:00. Portuqaliya - Azərbaycan - 8:1
Qollar: Pedro Kari, 2:05`; 05:43`; Pani Varela, 9:40`; Rikardinyo, 10:31`; 19:32`; 25:31`; 31:15`; Bruno Koelyo, 24:09` - Eduardo, 0:55`
Hakimlər: Andrey Çernı (Çexiya), Saşa Tomiç (Xorvatiya), Kamil Çetin (Türkiyə)
"Stojitse" Arenası