"Bu gün növbəti mərhələyə vəsiqə qazanmışıqsa, deməli, hər şeyi düzgün etmişik. Komandanın üzərində əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsindəki çıxışlarını dəyərləndirərkən deyib. Son oyunda Lixtenşteynə 3:0 hesabı ilə qalib gəlmələri münasibətilə bütün futbolçuları təbrik edən gənc mütəxəssis elit raunda vəsiqə qazanmalarında klublardakı həmkarlarının da rolunu vurğulayıb: "Turnirin əvvəlində də demişdim, yenə təkrar edirəm, heyətimizdə yer alan bütün futbolçulara inanırdım, inanıram və qələbə münasibəti ilə hər birini təbrik edir, onlarla qürur duyuram. Bu mərhələnin oyunlarına 11 aydır hazırlşırdıq. Komandamızın hər bir üzvü mərhələ adlamaq üçün çox istəkli idi. Hər oyundan sonra istəyimizə çatacağımıza inanırdıq. Bu uğurun qazanılmasında klublarda çalışan məşqçilərin də əməyi böyükdür. Onlara da "çox sağ olun", deyirəm. Ancaq görüləsi işlərimiz də az deyil".
Baş məşqçi paralel keçirilən Gürcüstan - İsrail matçı barədə komandasına görüş ərzində heç bir məlumat vermədiklərini də əlavə edib: "Hər bir rəqiblə oyuna fərqli taktika ilə çıxmışdıq. Bugünkü oyunla bərabər paralel keçirilən matçın nəticəsi də mərhələni adlamaq baxımından əhəmiyyətli idi. Ancaq uşaqlara dedim ki, siz oyununuzu oynayın, qələbənizi qazanın. Gürcüstan – İsrail oyunu barədə isə onlara matç ərzində heç bir məlumat vermədik. Yekun biz istəyən kimi oldu. Əlbəttə, turnir həm məşqçilər, həm də futbolçular üçün böyük təcrübə oldu”.
V.Məmməd həmçinin Gəncə şəhərindəki yaşayış binasında baş vermiş uçqunla əlaqədar xəsarət almış insanlara şəfa, dünyasını dəyişən həmvətənlərimizə isə Allahdan rəhmət diləyib, yaxınlarına baş sağlığı verib.
Qeyd edək ki, Azərbaycan yığması qrupda 6 xalla 2-ci yeri tutub.