"İkinci hissədə topa nəzarəti ələ keçirdik. Rəqib inadkar idi, sonadək vuruşdu".
Sportnet.az-ın məlumatına görə, bunu Rusiya "Yenisey"inin futbolçusu Aleksey Qritsayenko Türkiyənin Antalya bölgəsində "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra klub televiziyasına açıqlamasında deyib. 24 yaşlı müdafiəçi "qırmızı-qaralar"ı ikinci hissədə üstələdiklərini bildirib: "Oyun vəziyyətləri baxımından rəqibə uduzmurduq. Hər halda bu, Antalya toplanışında ilk oyunumuz idi. Üzərində işləməli olduğumuz məsələlər var. Yenə məşq edəcək və oyundan-oyuna daha yaxşı olacağıq".
"Qəbələ"nin qapısına vurulan ilk qolun müəllifi Əli Hacıbəyovla kombinasiyasının birgə səylər nəticəsində uğurlu alındığını da əlavə edib. O deyib ki, "qırmızı-qaralar"ın ikinci qolunun vurulduğu penalti epizodundan uzaqda olub. Mərkəz müdafiəçisi məzuniyyət vaxtı zədələnməsinə baxmayaraq, toplanışa nisbətən yaxşı fiziki vəziyyətdə gəldiyini diqqətə çatdırıb: "Bu səbəbdən, mənim üçün elə də çətin olmadı".
Qeyd edək ki, Aleksey Qritsayenko 56-cı dəqiqədə fərqlənib.